"Trans-Xəzər qaz kəməri xəttinin çəkilməsi məsələsi gündəmdədir" ÖZƏL - AÇIQLAMA
"Türkmənistan tərəfinin siyasi iradəsində ciddi irəliləyişlər var. Ölkənin iki dəfə baha qaz bazarına çıxması üçün imkan yarana bilər. Bu məsələdə Türkmənistanın dəstək istədiyi göz abağındadır. Buna görə də, Xəzərin dibindən Trans-Xəzər qaz kəməri xəttinin çəkilməsi məsələsi gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Qabil Hüseynli Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü şərh edərkən deyib.
O bildirib ki, bu gün Azərbaycan və Türkmənistan münasibətlərinin vəziyyəti qənaətbəxş səviyyədir və bizim bu ölkə ilə münasibətlərdə müəyyən problemlər olub, lakin, xüsusilə son dövrlərdə iki ölkə arasındakı münasibətlər daima yüksələn xətt üzrə inkişaf edir: "Prezident İlham Əliyev bu münasibətlərin inkişaf etdirilməsində çox böyük rol oynayır. Baş tutan səfərin Azərbaycan üçün də, Türkmənistan üçün də çox böyük əhəmiyyəti var idi. Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi təkcə bir ildə 40 faiz artıb. Bu böyük göstəricidir. Hər iki tərəf Azərbaycan və türkmən xalqlarının biri-biri ilə etnik köklərinin bir olması, mədəniyyətlərimizin oxşarlığı, bir sözlə eyni soydan gəlmələri haqqında ortaq qənaət bildirmələri çox qürurverici bir hadisə idi. Belə hiss olunur ki, tarixi İpək yolunun canlandırılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycanla Türkmənistan arasında əsası qoyulmuş münasibətlər artıq praktiki həll olunma mərhələsinə gəlib çatıb. Bu münasibətlə həm müqavilələr imzalanmış, həm də bu müqavilələrin həyata keçirilməsi üçün hər iki ölkənin uyğun strukturlarına göstərişlər verilmişdir".
Ekspert vurğulayıb ki, Türkmənistan və Azərbaycan arasında gəmi-bərə səfərlərinin, eləcə də gəmi-bərə dəmiryol səfərlərinin inkişaf etdirilməsi tarixi İpək yolunun daha uğurlu işləməsi üçün böyük rol oynayacaq: "Diqqəti ən çox cəlb edən tərəf isə enerji daşıyıcılarının məsələsinin prioritet məsələ olmasıdır. Azərbaycanla Türkmənistan arasında həm Xəzər dənizindən çıxarılan enerji ehtiyatları ilə bağlı əvvəllər mübahisə doğuran məsələlərin həll edilməsinin, həm də Xəzərin dibindən Türkmənistan Prezidentinin də qeyd etdiyi kimi Türkmənistan özünün enerji ehtiyyatlarının ilk növbədə qazın şaxələnməsi xəttinin tərəfdarıdır. Düşünürəm ki, Xərərin dibindən Trans-Xəzər qaz kəməri xəttinin, hətta ola bilsin ki, neft kəmərinin çəkilməsi məsələsi gündəmdədir. Türkmənistan tərəfinin siyasi iradəsində ciddi gəlişmələr var. Həm xəttin keçdiyi ölkələr, həm də istehlakçılar bu məsələdə əməkdaşlıq etməlidir. Türkmənistanın bu məsələdə dəstək istədiyi göz abağındadır. Bu məsələdə Türkmənistan əgər əvvəllər Rusiyadan çəkinirdisə artıq heç kimdən çəkinmədiyi ortadadır. Səfərin ən əhəmiyyətli tərəfi də budur".
Qabil Hüseynli əlavə edib ki, Xəzərin statusunun müəyyən edilməsi məsələsində imzalanmış memorandum xatırlansa da Xəzərin son statusunun qəbul edilməsi məsələsində Türkmənistanın mövqeyi həlledici rol oynayır: "Xəzər qaz kəməri xətti çəkilərsə həm Azərbaycan üçün, həm də Azərbaycanın TANAP və TAP layihələrinin daha səmərəli işləməsi üçün bu böyük rol oynayacaq. Türkmənistan isə ucuz qaz bazarlarından iki dəfə daha bahalı qaz bazarlarına çıxması üçün imkan əldə edəcək. Bütün bunları nəzərə alsaq görüş çox verimli, əhəmiyyətli və tərəflərin biri-birinə olan etimadının xeyli gücləndiyi və dərinləşdiyi hiss etdirən bir görüş idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB