YAP icra katibi: “Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı səfirliklər mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar”

YAP icra katibi: “Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı səfirliklər mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar”

İctimai Palatanın martın 11-də və aprelin 2-də keçirdiyi mitinq cəhdləri şox vacib bir reallığı ortaya qoydu. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu reallıq Azərbaycan vətəndaşlarının ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı bir aksiyanı qətiyyətlə rədd etməsindən ibarətdir.

 

Ə.Əhmədov bildirib ki, bir neçə yüz insanın müxtəlif təhrikedici üsullarla küçələrə çıxarılması müxalifətin ictimai dəstəyinin nə dərəcədə zəif olduğundan xəbər verir. YAP rəsmisi deyib ki, Azərbaycan müxalifətinin radikal qanadı Azərbaycan vətəndaşlarının onları dəstəkləmədiyini aydın şəkildə gördükdə kənar qüvvələrə istinad etməyə başlayır: "Radikal müxalifətin martın 11-də və aprelin 2-də keçirdiyi mitinqlərdə ayrı-ayrı səfirliklərin nümayəndələrini müşahidə etmək olardı. Bir neçə gün bundan əvvəl İctimai Palata deyilən qurumun təşkil etdiyi tədbirdə bir neçə ölkə səfirinin iştirak etməsi onu göstərir ki, mitinq cəhdində olanlar təkcə bir sıra müxalifət partiyaları deyil, eyni zamanda ayrı-ayrı ölkələrin səfirlikləri və onların nümayəndələridir. Bunu da belə başa düşürəm ki, müxalifət partiyaları gizlətmək belə istəmirlər. Onlar açıq şəkildə etiraf edirlər ki, keçirdikləri tədbirlər Azərbaycandan kənar qüvvələr tərəfindən dəstəklənir və maliyyələşdirilir".

 

İctimai Palatanın aprelin 16-a təyin etdiyi mitinqin aprelin 17-si tarixinə keçirilməsinə gəlincə, YAP icra katibi güman etdiyini bildirib ki, mitinqin vaxtının dəyişdirilməsi İctimai Palataya göstəriş verənlərin mövqelərindəki dəyişikliklə bağlıdır: "Vaxtı niyə dəyişiblər, yəqin bunun cavabını mitinq cəhdindən sonra tapacağıq. Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı səfirliklər mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Onlar Azərbaycanda öz dövlətlərinin məqsədlərini həyata keçirirlər. Mitinqlər, aksiyalar və digər kütləvi məsələlər isə Azərbaycan cəmiyyətinin yalnız özünə məxsusdur. Buna yalnız Azərbaycan vətəndaşları cavabdeh olmalıdırlar. Ayrı-ayrı dövlətlərin səfirliklərini kənar qüvvələr adlandırıram və mitinq, kütləvi aksiyalar kimi məsələlərə müdaxilə etməsini yersiz hesab edirəm. Azərbaycan xalqı ayrı-ayrı səfirliklərdən belə hərəkətlərə son qoymağı tələb etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə