Avropalıları qorxudan qaçqın axını ŞƏRH-ÖZƏL

Avropalıları qorxudan qaçqın axını ŞƏRH-ÖZƏL

“Hazırda Suriyada və Liviyada sabitliyin pozulması Avropanı qeyri-qanuni qaçqın axını ilə üzbəüz qoyub. Bunun əsas səbəblərindən biri beynəlxalq siyasi münasibətlərdə baş verən proseslərdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Baş verənlərin Avropada radikallaşmanı artırdığını deyən politoloq söyləyib ki, onlar qaçqınlara barbar kimi yanaşır: “Avropalıların öz mədəniyyəti, rahat həyat tərzi var. Amma gözlənilmədən başqa mədəniyyətə, dinə, adətlərə məxsus başqa insanlar gəlir. Bu isə avropalıları qorxudur. İslam radikalizmi ilə təbliğatın təsiri altında onlar hər bir müsəlmanı, çadralı insanı görəndə onu potensial terrorçu hesab edir. Avropa cəmiyyətində qorxu yaranıb. Məsələn, Almaniya cəmiyyətində yaranmış qorxu Angela Merkelin siyasi karyerasına zərbə vurdu. Radikal partiyaların, siyasi cərəyanların önə çıxdığını görürük. Nəticədə, həmin qaçqınlar da özlərini ayrı-seçkiliyə məruz qalmış hiss edir. Ona görə də Avropa Birliyi qaçqınları sərhəddən buraxmamaq üçün Türkiyəyə maliyyə yardımı vəd edir. Amma prezident Ərdoğanın da şərtləri var. Çünki üç milyon insanı yerləşdirmək, təmin etmək asan deyil”.

Ekspert söyləyib ki, Avropa Birliyi Türkiyəyə verdiyi vədləri yerinə yetirməməklə yanaşı, həm də qardaş ölkəyə qarşı münasibətdə ədalətsizliyə yol verir: “Ona görə də qaçqın amili Ərdoğan üçün bir yeriyən bombadır və onu Avropaya atsa, çox güclü təsir edə bilər. Türkiyə prezidenti də bu kartdan istifadə edir. Amma Türkiyə özü də qaçqın problemindən narahatdır”.

N.Məmmədova əlavə edib ki, qaçqın axını Avropada millətçiliyin artmasına yol açır: “Bu da Avropanın tolerant dəyərlərinə zərbə vurur. Avropa Birliyi insan haqları və demokratiya prinsiplərini əsas tutaraq Suriya qaçqınlarına dəstəyini nümayiş etdirməlidir. Nəzakət Məmmədova hesab edir ki, bu baxımdan baş verənlər Avropa üçün sınaq kimi qiymətləndirilə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə