YAP icra katibi: “Görüşlərin gizli şəkildə keçirilməsi onların niyyətlərində normal olmayan məqamlardan xəbər verir” - MÖVQE

YAP icra katibi: “Görüşlərin gizli şəkildə keçirilməsi onların niyyətlərində normal olmayan məqamlardan xəbər verir” - MÖVQE

Xəbər verildiyi kimi dünən bir sıra Qərb ölkələrinin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri hazırda İctimai Palatanın rəhbərliyi ilə görüşüb. Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirləri, ABŞ səfirliyinin təmsilçisi, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, digər Qərb təşkilatlarının Bakıdakı təmsilçiləri Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə ilə danışıqlar aparıb. Görüşlə bağlı Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov münasibətini bildirib. SİA-nın məlumatına görə, o, jurnalistlərə açıqlamasında görüşün təfərrüatları haqqında məlumatın olmadığını bildirib. Radikal müxalifətə ATƏT-in dəstək verməsi ilə bağlı fikirlərə gəlincə, icra katibi bu barədə fikir söyləyə bilməyəcəyini deyib.

 

Görüş haqqında məlumatın yayılmasından da imtina edildiyini qeyd edən YAP-ın icra katibi danışıqların gizli olduğunu düşündüyünü bildirib: "Aprelin 16-na təyin olunan mitinqi bilmirəm müxalifət, yoxsa oraya toplaşanların hamısı bir yerdə təyin edib? Əlbəttə ki, bütün bunların hamısı çox qəribə görünür. Hesab edirəm ki, Azərbaycanda səfirliklərin həm mandatı, həm də qarşısında duran vəzifələr ilk növbədə öz dövlətlərin Azərbaycanla bağlı siyasətlərinin həyata keçirilməsindən ibarətdir. ATƏT-ə və başqa beynəlxalq təşkilatlara gəlincə, onlar da hökumət nümayəndələri, qurumları ilə də əməkdaşlıq edirlər. Amma belə görüşün qapalı şəkildə keçirilməsi, orada hansı söhbətlərin aparılması haqqında ictimaiyyətə məlumatın verilməməsi ən yumşaq şəkildə desək qəribə səslənir. Beynəlxalq təşkilatlar və səfirliklər də, onların nümayəndələri də ictimaiyyətdən gizli söhbətlərin aparılmasında meylli olmamalıdırlar. Gizli şəkildə görüşlərin keçirilməsi onların niyyətlərində normal olmayan məqamlardan xəbər verir".

 

Azərbaycan hökuməti, cəmiyyəti ölkədə baş verən hadisələrin məsuliyyətini daşıdıqlarını deyən Ə.Əhmədov bildirib ki, ictimai-siyasi sabitliyin qorunması hökumət qarşısında duran bir nömrəli vəzifədir: "Çünki, ictimai-siyasi sabitlik, əmin-amanlıq hər bir Azərbaycan vətəndaşının faydalandığı sərvətlərdir. Xarici ölkələrdə baş verən prosesləri göz önünə gətirsək sabitliyin insanlar üçün nə qədər böyük sərvət, dəyər olduğunu aydın şəkildə görərik. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətəndaşının yaratdığı hakimiyyət bu sabitliyi qorumağa borcludur. Xalq öz hökumətini ona görə yaradıb ki, xalq üçün səmərəli bir mühit təşkil etsin. Bu sabitliyi Azərbaycan hökuməti təmin edir. Azərbaycan hökuməti bu sabitliyi bu günə qədər qoruyub, saxlayıb və bundan sonra da qoruyub saxlamaq niyyətindədir. Bu sabitlikdən hər kəs faydalanır. Siyasi mənsubiyyətindən və düşüncə tərzindən asılı olmayaraq".

Bütün xəbərlər Facebook səhifəmizdə