"Prezidentin bölgələrə səfəri bir neçə istiqamətdə vacib və əhəmiyyətlidir" ŞƏRH-ÖZƏL

"Prezidentin bölgələrə səfəri bir neçə istiqamətdə vacib və əhəmiyyətlidir" ŞƏRH-ÖZƏL

“Azərbaycanın qərb bölgələrinin inkişafı təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyətə malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, bu ərazilər Ermənistanla həmsərhəd olduğundan təhlükəsizlik baxımından vacib məsələlərdən biri də infrastrukturun inkişafı və bölgədə əhali üçün əlverişli şəraitin yaradılmasıdır: “Buna görə də infrastrukturun inkişafı, iş yerlərinin yaradılması əhalinin sosial vəziyyəti üçün çox vacibdir”.

Preziden İlham Əliyevin bu günlərdə ölkənin qərb bölgəsinə səfərinin bir neçə istiqamətdə vacib olduğunu deyən deputat söyləyib ki, səfər ilk növbədə maddi-texniki təchizat və ölkə əhəmiyyətli yolların yaradılması, kənd və qəsəbələrdə yolların çəkilməsi infrastrukturun genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “İkincisi, bölgənin qazlaşdırılması istiqamətində tədbirlər görülür. Paralel olaraq bölgənin qazlaşdırılması və meşələrin ətraf mühit baxımından qorunması, o cümlədən meşə təsərrüfatlarının qorunması davam edir. Üçüncüsü, suvarma sistemi yenidən qurulur”.

Bölgədə mədəniyyət və maarifləndirmə işləri də davam etdirildiyini vurğulayan A. Nağıyev bölgədə "Azərxalça" nın filialının açılmasını əhalinin məşğulluğu baxımından vacib sayır: “Bölgəni içməli su ilə təmin etmək məsələsi də gündəmdədir. Mühüm addım Şəmkirçay çayında yenidən qurulan su təmizləyici qurğuların yaradılmasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu və Gürcüstan istiqamətində əsas nəqliyyatın keçdiyini nəzərə almalıyıq. Bu baxımdan bölgədə infrastrukturun inkişafı prioritetdir”.

Ekspert daxili qoşunların və Müdafiə Nazirliyinin bir sıra hərbi obyektlərinin açılmasının vacibliyini də vurğulayıb: “Bununla yanaşı Tovuzda “Asan Xidmət” və digər bölgələrdə “Asan Həyatı”n açılması yüksək dağlıq yaşayış məntəqələrində yaşayan insanların bu xidmətlərdən istifadə etmələri üçün çox vacib və əhəmiyyətlidir. Ümumiyyətlə, dövlət tərəfindən görülən işlər bölgələrlə paytaxt arasındakı fərqi müəyyən dərəcədə azaldır və daxili miqrasiyanın qarşısını alır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə