Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçi heyəti üçün təlim strategiyası təqdim olunub

Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçi heyəti üçün təlim strategiyası təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "Dövlət Əmək Müfəttişliyi Xidmətinin Potensialının Artırılması" (DƏMXPA) layihəsinin DƏMX-nin işçi heyəti üçün təşkil ediləcək təlim kurslarının strategiyası və təlim elementlərinin qısa icmalının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə DƏMX-in mərkəzi aparatının əməkdaşları və bölgə rəisləri, həmçinin qeyd olunan layihənin ekspertləri iştirak ediblər.

Layihə rəhbəri, Niderland Əmək Müfəttişliyinin sabiq baş direktoru Paul Huijzendveld tədbir iştirakçılarına əməyin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi bacarıqlarının təkmilləşdirilməsi, mütəxəssislər üçün təkmilləşdirmə təlimi, inzibati heyət üçün təlim və s. barədə ətraflı məlumat verib.

İlkin məlumatlandırma xarakterli tədbirin davamı olaraq, müvafiq rəy və təkliflərin qəbul olunmasından sonra təkrar müzakirələrin təşkili planlaşdırılır. Təlim strategiyası iş prosesində təlimlərin aparılması ilə DƏMX əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, universal və mütəxəssis müfəttişlərin yetişdirilməsi, nəticədə əmək müfəttişlərinin peşəkar formalaşdırılması istiqamətində böyük rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə