Regionlarda texniki-peşə təhsilinin inkişafı üçün yeni layihə həyata keçirilir

Regionlarda texniki-peşə təhsilinin inkişafı üçün yeni layihə həyata keçirilir
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək" layihəsini icra etməyə başlayıb. GTM-dən SİA-ya verilən xəbərə görə, layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi, gənclərdə peşə təhsilinə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tutur.

Hazırda layihə çərçivəsində texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, region gənclərində texniki peşə təhsilinə həvəsin oyadılması, texniki peşə təhsilinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi, texniki peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması və texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirilir. Layihə ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq. Bu, Azərbaycanın ucqar kənd rayonlarında həyata keçiriləcək.

Qeyd edək ki, hazırda respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcuddur. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərib və hazırda fəaliyyəti dayandırılan peşə məktəbləridir. Fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə məktəbi və peşə liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə