ADU-da “Amerika Birləşmiş Ştatlarında media” adlı mühazirə oxunub

ADU-da “Amerika Birləşmiş Ştatlarında media” adlı mühazirə oxunub
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin tərəfindən "Amerika Birləşmiş Ştatlarında media" adlı mühazirə oxunub. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mühazirədə Regionşünaslıq kafedrasının müəllimi Ağarəhim İsmayılov və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib. K.Bin ilk növbədə Amerikada mövcud olan media növləri: televiziya, radio, qəzet, jurnal və internet saytlarından və onların cəmiyyətdə böyük əhəmiyyətə malik olmasından söhbət açıb. O bildirib ki, Amerikada söz və mətbuat azadlığı hökm sürür.

K.Bin 1980-cı illərdən başlayaraq Amerikada Reyqan hakimiyyətə gəldikdən sonra medianın daha da inkişaf etdiyini mühazirə iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, həmin dövrdə televiziyaların daha çox siyasətdən bəhs etdiyini vurğulayıb. Bundan əlavə informasiyanın əldə edilməsində insanların bir sıra sosial şəbəkədən, o cümlədən Facebook sosial şəbəkəsindən geniş şəkildə istifadə etdiyini qeyd edib.

Sonda Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin tələbələri maraqlandıran sualları cavablandırıb və universitetdə olmaqdan, eləcə də tələbələrlə ünsiyyətindən məmnunluğunu dilə gətirib. Regionşünaslıq kafedrasının müəllimi Ağarəhim İsmayılov isə öz növbəsində Amerika səfirliyinə belə bir maraqlı mühazirə keçirilməsini təşkil etdiyinə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə