Martın 5-də Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü bütün dünyanın diqqət mərkəzində idi. Çünki, bu görüşün son zamanlar yaranmış gərginliyin aradan qaldırılması məqsədilə təşkil edildiyi heç də sirr deyildi. Bəllidir ki, tərəflərin hər ikisinin də məqsədi İdlibdəki gərginliyə son qoymaq, münasibətlərə aydınlıq gətirmək olub.
Rusiyada baş tutan və əsas müzakirə mövzusu İdlibdəki gərginlik fonunda Suriya böhranının nizamlanması olan görüşə böyük ümidlər bəslənilir. Şübhəsiz ki, İdlibdə vəziyyətin gərginləşməsi Türkiyə üçün də təsirsiz ötüşməyib və Türkiyə liderinin bu hala biganə qalacağını ağıla belə gətirmək də mümkünsüzdür. Çünki, Türkiyə ordusunun 40-a yaxın şəhid verməsi sıradan bir hadisə, yaxud qəza deyil və bunun hesabının sorulacağı da günün reallığıdır. Məhz bu baxımdan da bütün dünyanın diqqətinin Ərdoğan-Putin görüşünə cəmləndiyinin səbəbi də başadüşüləndir.
Türkiyə son bir neçə gündə "Bahar qalxanı" əməliyyatı vasitəsilə İdlibdəki hərbi hava qüvvələrinin sistemini tamamilə sıradan çıxarıb. Rusiya isə bu məsələyə qoşulmadığını hər dəfə iddia edir, halbuki, rusların əməliyyat aparılan ərazidə çoxdandır ki, patrul qüvvələri, vəziyyəti diqqətdə saxlamaq üçün nəzərdə tutulan hərbi polisi var. Suriyanın da hava məkanını tam şəkildə bağlaya bilməyəcəyi aydın məsələdir və tərəflərin toqquşması də bu səbəbdən hər an baş verə və dəfələrlə təkrarlana bilər. Hətta bu hal Rusiya ilə Türkiyə arasındakı nəinki gərginliyə səbəbdir, hətta münasibətlərin tamamilə pozulmasına gətirib çıxara bilərdi. Elə bu aspektdən də Moskvada baş tutan görüşdə tərəflərin hər ikisinin də maraqlı olduğunu təkzib etmək mümkün deyil.
Nəzərə alsaq ki, ABŞ ilə münasibətlər hər iki ölkə üçün arzuolunmazdır və hardasa Türkiyə və Rusiyanı bir müstəvidə qərarlaşdıran, bir az da yaxınlaşdıran səbəblərdən biri də elə budur və bu mənada münasibətlərin pozulmasını heç biri istəməz. Dünya düzəninə az qala özünü nəzarətçi kimi aparan ABŞ başqa bütün ölkələrdə olduğu kimi proseslərə, kobud şəkildə desək çoxdan burnunu soxardı. Amma Birləşmiş Ştatlar İdlibdə baş verənlərə sadəcə müşahidəçi kimi tamaşa edir və bu heç də əbəs yerə deyil. Ona görə əbəs yerə deyil ki, ABŞ bu bölgədə hadisələrin daha da qızışmasında, Türkiyə ilə Rusiyanın maraqlarının toqquşmasında, münasibətlərinin pozulacağında çox maraqlıdır və istəyi də elə budur. Məhz buna görə də Birləşmiş Ştatlar qəti bu hadisələrə qarışmır. Bu baxımdan istər Türkiyənin, istərsə də Rusiyanın çox güman ki, ABŞ-ı sevindirmək niyyəti ola bilməz və hər iki ölkənin liderlərinin Moskvada olan görüşünü maraqların təmin olunması üçün əlverişli şans adlandırmaq da olar.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentlərinin 5 mart tarixində Moslvada keçirdikləri təkbətək görüş 3 saat çəkib. Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Görüş zamanı Putin xüsusilə vurğulayıb ki, Rusiya və Türkiyə liderləri arasındakı şəxsi təmaslar beynəlxalq problemlərin həllinə ümumi yanaşmanı tapmağa imkan verir. Danışıqların yekunu olaraq Rusiya və Türkiyə Suriya münaqişəsinin nizamlanması ilə bağlı birgə sənədi razılaşdırıblar. Rusiya və Türkiyə Suriyada 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizi yaradılması haqqında razılığa gəlib. Bu razılıq Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və RəcəbTayyib Ərdoğan arasındakı danışıqların yekunu ilə bağlı Kremldə imzalanan sənəddə öz əksini tapıb. Ankara və Moskva Suriyadakı BMT Təhlükəsizlik Şurasının (TŞ) tanıdığı bütün terrorçu qrupların məhv edilməsi əzmində olduqlarını ifadə ediblər. Qeyd olunub ki, mülki əhaliyə və infrastruktura qarşı təhdidlərə hansısa bəhanə ilə haqq qazandırılmamalıdır və Rusiya da, Türkiyə də Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqdirlər.
Göründüyü kimi, hər iki ölkə lideri Moskvada görüşdüyü zaman ortaq məxrəcə gəliblər və bu onların maraqlarının üst-üstə düşdüyünün növbəti dəfə təsdiqi deməkdir. Hətta hansısa toqquşmaların belə olması və yaxud ola bilmə etimalına da aydınlıq gətirilib. Rusiya Prezidenti Vladimir Putin, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Suriyada Türk əsgərlərinin ölümü ilə əlaqədar başsağlığı verərək, onların harada olduqlarını heç kimin bilmədiyini söyləyib. "Təəssüf ki, telefon danışığında dediyim kimi, heç kim, o cümlədən Suriya hərbçiləri də onların yerləşdikləri yerləri bilməyiblər", deyə Rusiya prezidenti əlavə edib. Bu isə təbii ki, ondan xəbər verir ki, Türk əsgərinin ölümü Rusiya tərəfini heç də qane edən məsələ deyil. Bu heç Rusiya tərəfi üçün sərfəli məsələ də ola bilməz. Rusiya prezidentinin özünün də qeyd etdiyi kimi, onun təəssüf hissi keçirməsi bunun əksini təsdiq edir.
Həqiqətən də Rusiyanın Türkiyə ilə münasibətlərdə maraqlı olduğunun hər an şahidi oluruq və bu münasibətlərə rəsmi Moskvanın həddindən artıq həssas yanaşdığı da göz qabağındadır. Diqqət etdikdə görürük ki, Türkiyənin mövqeyinə Rusiya tərəfi biganə deyil və hətta hörmətlə yanaşır və münasibətlərini də qorumaq niyyətindədir. Əbəs yerə deyil ki, Rusiya prezidenti bunu öz nitqində də ifadə edib. "Bu günə qədər inkişaf edən bütün vəziyyət barədə sizinlə danışmaq lazımdır ki, bizim münasibətlərimiz, Rusiya-Türkiyə münasibətləri pozulmasın. Biz bu münasibətləri çox qiymətləndiririk", deyə Rusiya Prezidenti bildirirsə, deməli, həqiqətən də bu münasibətlər yüksək səviyyədə qiymətləndirilir.
Sözsüz ki, Türkiyə liderinin də bu münasibətlərdə maraqlı olduğu aydın olur. Görüş zamanı da bu maraq öz təsdiqini tapdı və Rəcəb Tayyib Ərdoğan da öz növbəsində bü münasibətlərə həssas yanaşdığını vurğuladı. Türkiyə prezidenti əsas vəzifənin Moskva ilə Ankara arasındakı əlaqələrin inkişaf etdirilməsi olduğunu söyləməklə bunu təsdiqlədi. "İndi münasibətlərimizin pik həddə çatdığı bir anı yaşayırıq. Bu, şübhəsiz ki, müdafiə sənayesi, ticarət və sair əlaqələrə aiddir. İnanırıq ki, ən böyük vəzifə münasibətlərimizi təşviq etmək və inkişaf etdirməkdir. Bu məsələdə müvəffəq olacağımıza inanırıq", deyə Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu da öz növbəsində Türkiyə liderinin münasibətlərin qorunmasında maraqlı olduğunu təsdiq edir.
Putinin Avropa Şurasının prezidenti ilə İdlibdə vəziyyətin gərginləşməsi barədə müzakirə aparması özü də diqqəti cəlb etməyə bilməz. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Avropa Şurasının prezidenti Çarlz Mişel ilə telefon danışığı zamanı Suriyadakı vəziyyət və İdlibdə yaraqlılar səbəbindən gərginliyin artması müzakirə olunub ki, bu özü də bir sıra məsələlərə aydınlıq gətirir. Beləki, əgər Putin Ərdoğanla sadəcə diplomatiya xatirinə görüşsəydi, ardınca Avropa Şurasının prezidenti Çarlz Mişel ilə belə bir telefon danışığı etməzdi. Belə bir ardıcıllıq özü də təsdiq edir ki, təkcə Türkiyə tərəfi deyil, Rusiya özü də həm münasibətlərin qorunub saxlanmasında, həm də İdlibdəki vəziyyətin nizama salınmasında kifayət qədər maraqlıdır.
Digər tərəfdən, hadisələrin gedişatı da deyilənləri təsdiqləyir və bu bütün dünyanın da diqqətindən yayına biləz. Beləki, cümə günü, 6 Mart tarixində, Moskva vaxtı ilə 00: 01-də Suriyanın İdlib şəhərində de-eskalasiya zonasında hərbi əməliyyatların dayandırılması rəsmi olaraq qüvvəyə minib. Rusiyaya məxsus TASS agentliyinin məlumatına əsasən, Rusiya Xarici İşlər naziri Sergey Lavrov razılıqların əldə olunduğunu söyləyib. Onun sözlərinə görə, atəşkəs Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan tərəfindən razılaşdırılıb.
Göründüyü kimi, de-eskalasiya zonasında hərbi əməliyyatların dayandırılması artıq Türkiyə lideri, prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün nəticə verdiyini təsdiqləyir. Həm də dərhal bu nəticənin şahidi olduq ki, bu məqam özü də kifayət qədər diqqətə layiqdir. Ona görə ki, danışıqların ardınca dərhal atəşkəsin reallaşdırılması birmənalı şəkildə hər iki ölkə başçısının, eləcə də rəsmi Moskvanın və Ankaranın bu məsələdə maraqlı olduğuna zərrə qədər şübhə yeri qoymur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB