Siyasi ekspert: “Həmsədrlərin regiona növbəti səfəri də onların missiyasından irəli gəlir”

Siyasi ekspert: “Həmsədrlərin regiona növbəti səfəri də onların missiyasından irəli gəlir”

Xəbər verildiyi kimi, aprel ayının 11-də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayır. Ekspertlər bu səfərin də sıradan bir səfər olduğunu iddia edirlər. SİA-ya açıqlamasında politoloq Elman Nəsirli söyləyib ki, həmsədrlərin səfərlərinin məqsədi nəticə etibarilə Azərbaycan və Ermənistan prezidentlərin görüşünün təşkilinə yönəlib. Əsas siyasi qərarların prezidentlərin görüşündə qəbul olunduğunu deyən siyasi ekspert bildirib ki, Soçi görüşündən sonra azyaşlı uşağın ermənilər tərəfindən snayper atəşi ilə öldürməsi, atəşkəsin hər gün pozulması əldə olunan razılaşmaların Ermənistan üçün heç bir hüquqi əhəmiyyətə malik olmadığını göstərir.

 

Ermənistanın heç nə olmamış kimi danışıqları sıfır səviyyəsinə qaytarmaq niyyətindən əl çəkmədiyini deyən politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti istənilən azərbaycanlı tərəfindən birmənalı şəkildə qiymətləndirilir: "Bu fəaliyyəti məzmun, nəticə baxımından fəaliyyətsizlik adlandırmaq da olar. Hesab edirəm ki, bu səfər də onların missiyasından irəli gələn bir səfərdir. Yeni bir ideya ilə gələcəyinə mən inanmıram, Minsk qrupunun vəzifəsi ondan ibarət olmalıdır ki, 2009-cu ilin sonunda irəli sürülmüş yenilənmiş Madrid Prinsiplərini Ermənistan tərəfindən qəbul olunmasına nail olsun. Əgər bunu edə bilməyəcəklərsə, Bakı və İrəvana gəlməsi heç bir önəm daşımır. Onların bu səfərindən sonra nəyinsə olacağı ilə bağlı nikbin proqnoz verə bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə