Cari ilin 4-5 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) təşkilatçılığı ilə üzv ölkələrin milli qurum rəhbərlərinin toplantısı keçirilib. İSO-nun baş katibi Rob Stillin sədrliyi ilə keçirilmiş toplantı "İSO-ya üzv ölkələrin milli qurumlarında institusional inkişaf" layihəsinin müzakirəsinə həsr olunub. Tədbirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov iştirak edib.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantı zamanı "İSO-ya üzv ölkələrin milli qurumlarında institusional inkişaf" layihəsinin təqdimatı ilə yanaşı iştirakçı ölkələrin nümayəndələrinin rəy və təklifləri dinlənilib, işçi qaydada müzakirələr aparılıb. Layihənin məqsədi ölkələrin beynəlxalq standartlaşdırma prosesində yaxından iştirakını təmin etmək, bu prosesdə həlledici mövqe bildirmək üçün İSO və təşkilatın alt komitələrinin iclaslarında iştirak etmək, üzv ölkələrin "güzgü" alt komitələri ilə əməkdaşlığı artırmaq, beynəlxalq standartların qəbulunda və tətbiqində milli qurumların fəaliyyətini gücləndirməkdən ibarətdir.
Səfər çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov İSO-nun baş katibi Rob Stillə görüşüb. Görüş zamanı Ramiz Həsənov Prezident İlham Əliyev tərəfindən standartlaşdırma sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, ölkədə sahibkarlığın inkişafı və istehsal müəssisələrində beynəlxalq standartların tətbiqinin sürətləndiyini qeyd edib. Rob Still Azərbaycanda standartlaşdırma sahəsinə göstərilən diqqətdən xüsusi məmnunluq ifadə edib və ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyini söyləyib. Ramiz Həsənov Rob Stilli Azərbaycana dəvət edib. İSO-nun baş katibi dəvəti məmnuniyyətlə qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB