Prezidentin ictimai dərsi və mühüm mesajı Jurnalist baxışı

Prezidentin ictimai dərsi və mühüm mesajı Jurnalist baxışı

İlham Əliyev: "Mənə kreslo lazım deyil, adi stul verin... Belə şeylərə qətiyyən yol vermək olmaz "

Prezident İlham Əliyevin regionlara səfəri zamanı Tovuz rayonunda ASAN XİDMƏT-in könüllü gəncləri ilə görüşü zamanı onun üçün hazırlanmış kreslosunu adi stulla əvəzlənməsi göstərişini verməsi və buna irad tutması hadisəsi bizləri bir daha düşünməyə və nəticələr çıxarmağa vadar etdi. Nə oldu bizi düşündürən?

Bu, ilk növbədə, ölkə başçısının daim xalqın içində olmasının və özünü daim adi vətəndaşla eyni müstəvidə görməsinin nümunəsidir.

Mesaj oldu ki...

Lakin Onun sözügedən iradını məhz gənclərin qarşısında bildirməsi digər amilləri ortaya çıxarır – həmin gənclər ki, fəaliyyətlərini könüllülük prinsipin üzərində qurmaqla gələcəklərini müəyyən edirlərsə, onlar sabahın hər hansı müəssisə, şirkət, dövlət qurumu rəhbəri olacaqlarsa, bu hadisəni xatırlayıb vəzifələrini, yüksək mövqelərini deyil, məhz xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar. Bu, həm də mükəmməl bir ictimai dərs və yüksək vəzifəli məmurlara göndərilən mühüm bir mesaj oldu. Mesaj oldu ki, əgər kimsə hər hansı vəzifəyə sahibdirsə, hətta əyləşdiyi kreslosu qarşısında oturanın stulundan yüksəkdirsə, həmin kimsə heç də qarşısında oturan vətəndaşdan yüksək deyil.

Əgər bu gün bizlər xalq-hakimiyyət və hakimiyyət-xalq prizmasından yanaşmalar ediriksə...

Dövlət başçısının bu addımı həm də Onun sadəliyindən, xalqa, vətəndaşa, hətta ayrı-ayrı insanlara göstərdiyi fərdi diqqətindən, qayğısından doğan xoş, qürurverici, fərəhləndirici reallıqdır. Əgər bu gün bizlər xalq-hakimiyyət və hakimiyyət-xalq prizmasından yanaşmalar ediriksə, bu tandem üzərində yazılarla, məqalələrlə çıxışlar ediriksə, oxucu auditoriyası qarşısında fikirlərimizi bölüşürüksə, demək ki, heç də yanılmamışıq. Çünki xalq-hakimiyyət və hakimiyyət-xalq gerçəkliyi bu dəfə də, hər zaman olduğu kimi Prezidentimiz tərəfindən yadda qalan iradı ilə yanaşı, həm də tam şəkildə sübuta yetirildi.

Əslində son zamanlar ölkədə vüsət alan dinamik və çoxşaxəli islahatlar fonunda həm də kadr islahatlarının həyata keçirilməsi, xüsusilə işlərində ciddi səhvlərə, nöqsanlara yol verən məmurların cəzalandırılma faktları arxasında da Prezident İlham Əliyevin xalqın yanında olması amili dayanmaqdadır.

Məmur heç vaxt vətəndaşa yuxarıdan aşağıya baxmamalıdır!

Misal üçün, biz unutmamışıq ki, dövlət başçımız hətta öz doğum günlərini sadə vətəndaşların, qaçqın və məcburi köçkünlərin yanında, eləcə də cəbhəyanı bölgələrdə, ucqar dağ kəndlərində keçirir. Bu, ona mesajdır ki, əgər vəzifələrində, kreslolarında oturmaqla xalqın marağına cavab verməyən işlərlə məşğul olan vəzifəli şəxslər getdikləri yanlış yollardan geri dönsünlər, daim xalqın, vətəndaşın yanında olsunlar, heç kimə yuxarıdan aşağıya baxmasınlar.

Ölkəmizin başçısı müəyyən olunmuş dövlət strukturlarına təyin etdiyi insanları vəzifələrə göndərərkən də onların qarşısında məhz bu kimi məsələlərin qaldırır, tələb və tövsiyələrini irəli sürür.

Beləliklə, "Mənə kreslo lazım deyil, adi stul verin... Belə şeylərə qətiyyən yol vermək olmaz ", deyə irad bildirən Prezidentimiz sözün əsl mənasında çox böyük, vacib və əhəmiyyətli ismarıc yollamış oldu və düşünürük ki, həmin ismarıcı dərk və qəbul etməli olanlar bunu etdilər. Çünki xalqının, dövlətinin bir nömrəli xidmətçisi olduğunu vurğulayan cənab İlham Əliyev həyata keçirdiyi mütərəqqi, qətiyyətli, və örnək siyasəti ilə sonsuz xalq sevgisinə, dəstəyinə layiq olan PREZİDENTDİR!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə