Millət vəkilləri Xankəndidə aeroportun açılması və oraya aviareyslərin təşkil olunması məsələsinə münasibət bildirdilər

Millət vəkilləri Xankəndidə aeroportun açılması və oraya aviareyslərin təşkil olunması məsələsinə münasibət bildirdilər
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun açılması və oraya aviareyslərin təşkil olunması məsələsinə münasibət bildiriblər. SİA-nın məlumatına görə, millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat olmayıb: "Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında müqayisə aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər".
Millət vəkili Elman Məmmədov isə deyib ki, bu aeroport əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə - Xocalıda yerləşir: "Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər".
Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib: "O hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Metyu Brayza öz açıqlamalarına diqqət yetirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə