Baş nazirin müavini: “Gələcəkdə yeni qaynar nöqtələrin yaranmaması üçün xalqlar arasında dialoq çox vacibdir”

Baş nazirin müavini: “Gələcəkdə yeni qaynar nöqtələrin yaranmaması üçün xalqlar arasında dialoq çox vacibdir”

Dünyada baş verən son hadisələri nəzərə alsaq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi təqdirə layiqdir. Bunun üçün Azərbaycanın prezidenti İlham Əliyev başda olmaqla bu konfransın keçirilməsində əziyyəti keçən hamıya təşəkkür edirik. Bu sözləri SİA-ya açıqlamasında Tatarıstan Respublikasının baş nazirinin müavini, mədəniyyət naziri Zilya Vəliyeva deyib. O, qeyd edib ki, bu forum insanların bir-birinə yaxınlaşmasına, millətlər arasında dialoqun inkişafı üçün çox böyük töhfə verəcək: "Eyni zamanda forumun bütün iştirakçıları bu konfransa çox ciddi yanaşırlar. Bu mövzunu dünya miqyasına çıxartmaq çox çətin bir iş idi, ancaq Azərbaycan bunun öhdəsindən layiqincə gəldi. Dünyanın hər bir yerində belə bir işin yekunundan əldə olunan praktik nəticələrin öyrənilməsinə ehtiyac var.".

Dünyada baş verən son hadisələrə diqqət yetirən Tatarıstanın Mədəniyyət naziri bildirib ki, hazırda dünyada dialoq mədəniyyəti demək olar ki, yox olmaq üzrədir. Səbəb isə insanların bir-birindən uzaq olmağı üstün seçməsidir: "O zaman da onların problemləri daha da artacaq. İnsanların bir-biriləri ilə dil tapmaması və ortaq nöqtə üzərində fikir yürütməmələri dünyada olan əsas problemlərdən biridir. Belə bir ünsiyyət üçün ortaq bir platformaların olması hazırda dünyanın inkişafı üçün çox vacibdir".

Baş nazirin müavini həmçinin iki ölkə arasında mövcud olan əlaqələrə də toxunub: "Tatarıstanın Azərbaycanla əlaqələr qurması bu ölkənin ilkin məqsədlərindən biridir. Bundan da əlavə Azərbaycanda, həmçinin Tatarıstanda mədəniyyət günləri keçirilib. Bizim mədəniyyət sahəsində gələcək üçün də əməkdaşlıq planlarımız var. Bizim uzunömürlü bünövrəmiz var və düşünürəm ki, yaxşı inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə