Dövlət Miqrasiya Xidmətinin rəisi: “Xaçmaz rayonunda kompakt halda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edilib”
Azərbaycanda təqribən 450 min əcnəbi var. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov deyib.
O, vurğulayıb ki, ölkədəki əcnəbilər daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarıdır. Bu dörd ölkənin payına ümumi miqrantların 80 faizi düşür. Daha sonrakı yerləri isə ABŞ, İngiltərə və MDB ölkələri tutur. Xidmət rəisi bildirib ki, Azərbaycana hər gün təqribən 4-5 min əcnəbi vətəndaş gəlir və ölkədən gedir. A.Rəhimov Azərbaycana gələn əcnəbilərin sayının artmasında ölkədə keçirilən beynəlxalq tədbirlərin xüsusi rol oynadığını bildirib.
Miqrantların qanun pozuntularına gəlincə, A.Rəhimov bildirib ki, Azərbaycanda miqrant qanunvericiliyini daha çox Rusiya vətəndaşları pozur. Sonrakı yerləri isə Gürcüstan, İran və digər ölkələr tutur.
A.Rəhimov həmçinin bildirib ki, Azərbaycanın Xaçmaz rayonunda kompakt halda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edilib. O, söyləyib ki, Azərbaycanda yaşayan hər bir əcnəbi kimi, Xaçmazın Xraxoba kəndində yaşayan Rusiya vətəndaşları da müvafiq icazə almalıdırlar: "Biz başa düşürük ki, sözügedən kəndlərdə mövcud olan məsələ tarixi bir məsələdir. Həmin kənddə yaşayan insanlar bu bölgəyə bağlı adamlardırlar. Biz Rusiya tərəfi ilə bu məsələnin həllinə çalışırıq. Həmin kənddə yaşayan Rusiya vətəndaşlarının kütləvi şəkildə Rusiyaya köçürülməsi nəzərdə tutulurdu. Lakin onlar öz istəyi ilə yaşayış yeri seçməyə və dəyişməyə qərar verdilər. Rusiya səfirliyinin əməkdaşları və biz onlara xəbərdarlıq etdik ki, əgər bu ölkədə yaşamaq istəyirsinizsə, müvafiq icazə almaq gərəkdir. Əks halda onlar Azərbaycandan deportasiya ediləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB