Tələbələr internetdə ölkəmizi müdafiə edəcək

Tələbələr internetdə ölkəmizi müdafiə edəcək

Azərbaycan Tələbələr Birliyi yeni layihənin icrasına başlayıb. SİA-nın xəbərinə görə, "Tələbələrin İKT (informasiya kommunikisiya texnologiyaları) biliklərinin artırılması" adlanan layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi orta-ixtisas məktəblərində təhsil alan tələbələrə informasiya texnologiyaları ilə bağlı maarifləndirmə işi aparmaqla vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaqdır.


Layihə fəaliyyətləri çərçivəsində orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrə ən yeni informasiya texnologiyaları, xüsusən də, internetdəki sosial şəbəkələr barəsində ətraflı məlumatlar veriləcəkdir. Təlimlər zamanı tələbələrə Wikipedia, Twitter, Facebook kimi sosial şəbəkələrdə ölkəmizə qarşı yönələn təxribatların qarşısını alma yolları, informasiyanın çatdırılması, müəyyən məlumatların işlənib internet səhifələrə yerləşdirilməsi, həmçinin, internet blogların yaradılması kimi məlumatlar veriləcəkdir. Əsas fəaliyyət istiqamətləri olaraq Qarabağ həqiqətlərinin çatdırılması, ölkəmiz haqda düzgün olmayan məlumatlara reaksiyanın göstərilməsi və s. olacaqdır.


Təlimlər zamanı verilən məlumatların gələcəkdə digər tələbələrə çatdıra biləcək şəxslər seçiləcək və onlarla işin qurulmasına xüsusi diqqət veriləcəkdir.

Layihə çərçivəsində təlimlərin Bakı şəhərində yerləşən 10-na yaxın orta-ixtisas təhsil müəssisəsində keçirilməsi planlaşdırılır. Gələcək mərhələlərdə layihənin regionlarda olan təhsil müəssisələrində də davam etdirilməsi də qarşıya qoyulan məqsədlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə