İlk dəfə kosmosa insan göndərən keçmiş SSRİ ABŞ astronavtlarının Aya ayaq basması ilə yarışda liderliyi əldən vermişdi. SSRİ-nin varisi olan Rusiya isə uzun illərdən sonra kosmos uçuşlarında yenidən birinci yerə çıxmağı hədəfləyir.
SİA-nın məlumatına görə, 38 yaşındakı kosmonavt Sergey Volkov Qazaxıstandakı Baykonur Kosmos Bazası yaxınlığında öz adına əkdiyi bir ağacı suladığı görüntülənib. Volkovun əkdiyi ağac Baykonurdakı Kosmonavtlar Bulvarını bəzəyən 100-dən çox ağacdan biridir. Bu ağacların hər biri bazadan kosmosa uçan kosmonavtlar tərəfindən əkilib. Ənənəni başlayan isə dünyanın ilk kosmonavtı Yuri Qaqarindir. S.Volkov Qaqarinin kosmosa çıxmasının 50-ci ildönümünün çox xüsusi bir gün olduğunu söyləyir. "Bu ölkəmizin zəfər günüdür. 50 il əvvəl kosmosa uçuşlara başlayan Sovetlər Birliyidir" deyən Volkov bütün mənfi cəhətlərinə baxmayaraq proqramı davam etdirə bildiklərini və qrupda gənc kosmonavtların olduğunu söyləyir. O, bildirib ki, kosmos səfərinin 50 il sonra da mümkün olması böyük bir müvəffəqiyyətdir.
1990-cı illərdə ağır böhran oldu
Rusiyalı kosmos tədqiqatçısı Andrey Yonin bu sahənin böyük çətinliklərlə qarşılaşdığı illəri xatırlayır. "1990-cı illər Rusiya üçün çox çətin idi", - deyən Yonin çətinliyin maliyyə ilə bağlı olduğunu deyir: "Sovetlər Birliyi dövründə kosmos səfəri üçün lazım olan bütün texnologiyaların sifarişlərini dövlət verirdi. SSRİ-nin dağıldığı ilk illər bu sifarişlər 95 faiz azaldı".
Rusiya kosmonavt deyil, turist göndərdi
Rusiya pulsuzluqdan kosmos turizminə başladı. 2001-ci ildə ilk kosmos turisti olaraq amerikalı milyarder Dennis Tito kosmosa ucdu. Lakin "Soyuz" kosmos gəmisinə yalnız üç adamın yerləşməsi səbəbi ilə qarşıdakı illərdə kosmosa turist daşınması kosmonavtların yerdə qalması anlamına gəldi. Bunun yaxşı bir təcrübə olmadığını ifadə edən S.Volkov "10 il təhsil aldıq, sonra yerimizi pullu turistlərə vermək məcburiyyətində qaldıq. Lakin o dövrdə həqiqətən də pulsuzluq içində olduğumuzu qəbul etmək lazımdır" deyir.
İki əsas problem
Kosmos tədqiqatlarının çap olunduğu "Novosti kosmonavtiki" adlı jurnalın baş redaktoru İqor Marinin hal-hazırda vəziyyətin daha yaxşı olduğunu söyləyir. Xüsusilə bir çox ölkənin peyklərini Rusiya kosmik gəmiləri ilə kosmosa göndərmək istəməsi ilə bu sahənin canlandığını ifadə edən Marinin, kosmos səfərlərinin iki əsas problemlə qarşılaşdığına diqqət çəkir: "İlk olaraq rəhbərlik problemi var. Heç bir rəhbər insanları həyəcanlandıran nəhəng hədəflər müəyyən etmir. Məsələn Marsa uçuş belə bir hədəf ola bilər". Marinin ikinci problemin isə heyət olduğunu söyləyir: "Sovetlər Birliyi dövründə kosmos sahəsində çalışan mühəndislər digər sahələrdəki həmkarları ilə müqayisədə 20-30 faiz daha çox pul qazanırdılar. Ölkədə kifayət qədər beyin var, amma kosmos sahəsi bu beyinlər üçün cazibədar deyil".
Ancaq bu vəziyyət qarşıdakı illərdə dəyişə bilər. Amerika Milli Kosmik Agentliyi (NASA) kosmos proqramını başa çatdırmağa hazırlaşır. Bu da Rusiya üçün böyük bir fürsətdir. Çünki ABŞ-ın astronavtlarını Beynəlxalq Kosmos Stansiyasına daşıyacaq kosmik gəmisi tapılmır. NASA artıq Rusiyanın nəqliyyat gücündən asılı olacaq. Bu sahədəki birincilik iddiasında olan Rusiya da ABŞ-lı astronavtların daşıyacağı uçuşların qiymətini iki dəfə qaldıraraq 55 milyon dollara çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB