Təşvişə düşmək, yoxsa profilaktik tədbirlər görmək? AÇIQLAMA-ÖZƏL

Təşvişə düşmək, yoxsa profilaktik tədbirlər görmək? AÇIQLAMA-ÖZƏL

“İstənilən virusun əsas xüsusiyyəti yayılmaqdır. Yeni koronavirusun da əsas əlaməti məhz ağciyərlərdə pnevmaniya yaratmaq xarakterinə malik olmasıdır. Bu virus tək bizim deyil, bütün dünyanın problemidir. Azərbaycanda da bu barədə lazımi tədbirlər görülür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.

Virusa yoluxma təhlükəsinin qarşısının alınması istiqamətində Azərbaycanda müvafiq qərargahların yaradıldığını deyən deputat söyləyib ki, koronavirusa yoluxma halı ölkəmizdə kütləvi hal almasa da,bu istiqamətdə mühüm işlər görülür: “Bildiyiniz kimi ictimai nəqliyyatda, təhsil müəssisələrində dezinfeksiya işləri aparılır”.

Komitə qeyd edib ki, insanlar özlərinin də səhiyyə maarifləndirilməsindən yararlanaraq gigiyenik tələblərə yüksək səviyyədə əməl etməsi də virusun qarşısının alınmasında əsas məqamlardan biridir.

Hökumət tərəfindən virusla mübarizə işləri ilə bağlı maliyyənin ayrıldığını xatırladan İ. Məmmədov deyib ki, əgər lazım gələrsə əlavə tədbirlər də görülə bilər: “Dünyanın ən inkişaf etmiş ölkələri belə viruslardan sığortalanmayıb və bütün ölkələrdə bu istiqamətdə lazımi tədbirlər görülür. Elmi tədqiqat mərkəzləri tərəfindən vaksinlərin hazılanması üzərində işlər gedir. Ümid edirik ki, proses tezliklə sona çatacaq”.

Deputat əlavə edib ki, baş verənlərdən təşvişə düşmək lazım deyil, sadəcə profilaktik tədbirlərə əməl etmək, gigiyenik qaydalara riayət etmək məsləhət görülür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə