"Türkiyə Suriyanı güzəştə getməyəcək" ÖZƏL-ŞƏRH

"Türkiyə Suriyanı güzəştə getməyəcək" ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə baş verən istənilən prosesə hər ölkənin özünün bir baxış bucağı var. İlk növbədə, bu baxış bucağı da regionda olan maraqlardan və qarşıya qoyulan hədəflərdən asılı olaraq dəyişir". Bunu SİA-ya politoloq Vüqar Zifəroğlu deyib.

Politoloqun sözlərinə görə, hər ölkənin özünün Yaxın Şərqdə öz maraqları, hədəfləri, çıxarları var: "Bu ölkələr də maksimum dərəcədə bu maraqlarını təmin etməyə və hədəflərinə ciddi çatmağa çalışırlar. Ümumiyyətlə Yaxın Şərqdə baş verən istənilən proses yalnız bu səpkidən qiymətləndirilə bilər. Liviyada, Suriyada baş verən proseslərdə də hər ölkənin öz marağından çıxış edərək sərgilədiyi bir mövqe var. Diqqət yetirsəniz görərsiniz ki, Suriyada Əsəd rejiminin hücumu ilə, Liviyada isə Xəlifə Haftara məxsus qüvvələrin hücuma keçməsi demək olar ki, eyni günlərə təsadüf etdi. Bu ilk növbədə Türkiyəni iki cəbhəyə çəkməyə məcbur etmək və orada onun gücünü parçalamaq, bölmək niyyəti daşıyırdı. Xəlifə Haftarla Bəşər Əsədin müəyyən bir razılıqlara gəlməsi və birgə hərəkət etmək haqqında artıq hər kəsin məlumatı vardır. Bütün bunlar hamısı onu göstərir ki, əslində regionda Türkiyənin möhkəmlənməsində maraqlı olmayan qüvvələr hansısa bir mövcud şəraiti dəyişdirmək üçün həmlələr etməyə hazırdırlar. Nəticəsinin olub-olmaması isə bir qədər mübahisəlidir. Son günlər baş verən proseslər onu göstərdi ki, Türkiyə Suriyadan bir addım belə olsun geri çəkilmək niyyətində deyil əksinə əməliyyatlar daha da genişlənə bilər.

Ümumiyyətlə Türkiyə Suriyanı güzəştə getməyəcək. Başqa bir maraqlı məqam isə ABŞ və NATO-nun konkret şəkildə Türkiyəyə dəstək ifadə etmələri ilə bağlıdır. Bu özü də müəyyən maraqlı məqamlardan xəbər verir. NATO-nun təcili iclasında hətta hərbi dəstəyin belə ifadə edilə biləcəyi göstərildi. Qərb eyni zamanda Xəlifə Haftarı dəstəkləyir. Bu halda nə dərəcədə Suriya cəbhəsində Türkiyəyə dəstək verən NATO ölkələri eyni zamanda Əsədlə birlikdə hərəkət etməyi qərarlaşdıran Xəlifə Haftara qarşı müəyyən adekvat tədbirlərin həyata keçirilməsinə ya imkan verəcəklər, ya da özləri dolayısı ilə burada iştirak edəcəklər. Yəni belə maraqlı məqamlar ortaya çıxır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə