Qoruyucu maskadan, respiratordan istifadə edən insanların sayının artması, sosial şəbəkələrdə süni şəkildə yaradılan təşviş və ümumiyyətlə, şahidi olduğumuz müzakirələr, dünya ictimaiyyətini narahat edən koronavirusun Azərbaycan ictimaiyyətinin də narahatçılığına səbəb olduğunu deməyə əsas verir. Çinin Hubey əyalətinin Uhan şəhərində yenidən baş qaldıran koronavirusun ilk dəfə 1960-cı ildə qeydə alınmasına baxmayaraq, həmin virus səbəbindən yaranan xəstəlik nədənsə, bu virusun yenidən peyda olmasından sonra dünya ictimaiyyətində bir təşvişə səbəb olub. Ölkəmizdə isə koronavirusla bağlı narahatlıq, məhz həmin virusa İranda da yoluxma hallarının qeydə alınmasından sonra daha çox müşahidə edilməyə başlayıb ki, bu da İranın Azərbaycanla qonşu olduğunu nəzərə aldıqda tamamilə başadüşüləndir.
Dünya Səhiyyə Təşkilatı bu vaxtadək 2800 nəfərə yaxın insanın bu virusun törətdiyi xəstəlik səbəbindən həyatını itirdiyini açıqlayıb. Həmçinin, sözügüdən təşkilatın açıqladığı statistikaya əsasən, son dövrədək 80 mindən bir qədər artıq insan bu virusa yoluxub. Maraqlıdır, görəsən bu statistik rəqəmlər digər viruslar və xəstəlik halları ilə müqaisədə nədən xəbər verir? Daha dəqiq desək, sürətlə yayıldığı bildirilən bu xəstəlik digərləri ilə müqaisədə nə dərəcədə təhlükəlidir və bu qədər qorxuya dəyərmi?
Koronavirus cəmiyyətin bu vaxta qədər rastlaşdığı viruslardan heç də daha təhlükəli, daha qorxulu deyil
Nəzərə almaq lazımdır ki, hər bir ölkədə, eləcə də Azərbaycanda ağ ciyər xəstəliyi hesab olunan pnevmoniya və vərəm xəstəliyi kimi koronovirus da məhz ağ ciyər xəstəliyinə səbəb olur və hava-damcı yolu ilə yayılır. Onu da unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda pnevmoniya və vərəm xəstəliyi müalicə olunan xəstəlik hesab olunur. Təbii ki, pnevmoniya və vərəm də vaxtında müalicəsi olunmazsa, bu xəstəliyə tutulan insanlar öz həyatlarını itirə bilirlər. Bir sözlə, istənilən xəstəliyin vaxtında müayinəsi və müalicəsi əsas şərtdir və ən vacib olanı da narahatlıq, yaxud təşviş deyil, məhz xəstəliklə mübarizə tədbirləridir. Bu baxımdan ağ ciyər xəstəliyinə səbəb olan koronovirusa görə ən vacib olanı vaxtında müayinə və müalicə olunmaqdır.
Doğrudur, koronovirusun yayılma sürəti adi qripdən iki dəfə çoxdur. Virusun yayılma sürəti həmçinin, 2003-cü ildə qeydə alınan Kəskin Respirator Sindromu, SARS-dan 6 dəfə, ya da 7 dəfə çoxdur və məhz insanları da təşvişə salan elə budur. Amma təşvişə düşən insanlar onu da nəzərə almalıdırlar ki, adi qızılca virusu havada onlarla metr asılı vəziyyətdə qala bildiyi, bu məsafədə olan sağlam insana ötürülə bildyi halda, koronovirus cəmi iki metr məsafəyə yayılma qabiliyyətinə malikdir və koronovirus xəstəsi virusu sağlam insana öskürərək, nəfəs alıb-verərək, təmasda olaraq ötürür. Elə bu baxımdan də koronavirusun məsələn, qızılca kimi adi bir xəstəlikdən, quş qripindən, vərəmdən daha az yayılma riskinin olduğu üzə çıxır. Bu isə o deməkdir ki, koronavirusun yayılma sürəti digərlərindən çox olsa da, onun yayılma riski digərlərindən daha aşağıdır və bu xəstəlik cəmiyyətin bu vaxta qədər rastlaşdığı viruslardan heç də daha təhlükəli, daha qorxulu deyil.
Şahidi oluruq ki, virusa yoluxanlarda ölüm halları daha çox yaşlı insanlarda müşahidə edilir. Bu isə ondan xəbər verir ki, immun sistemi zəif insanlar xəstəliklə sadəcə mübarizə apara bilmir və bu səbəbdən həyatlarını itirirlər. Bu fakt isə təkcə koronavirusa aid deyil və istənilən xəstəliyin müalicəsində aparıcı rolu immunitet oynayır və immuniteti zıif olan insanlar istənilən xəstəliyə qalib gələ bilmirlər ki, sonda bu da ölümlə nəticələnə bilir. Deməli, koronavirusla mübairəzinin bir yolu da immun sisteminin möhkəmləndirilməsi, immun sisteminin möhkəmləndirilməsinə xidmət edən sağlam həyat tərzi və normal qidalanmadır.
Vacib olan şübhəli bilinənlərin təcrid olunmasıdır ki, risk faizi sıfıra endirilsin
Yenə də statistik göstəricilərə nəzər saldıqda görürük ki, adi qripin ölüm faizi 0,1 faizdir və il ərzində dünyada 400 min insanın ölümünə səbəb olan adi, mövsümi qripə hər an, hər kəs tutula bilir. Adi, mövsümi qripdən il ərzində ABŞ kimi bir ölkədə il ərzində 35 min nəfər ölür ki, bu da ay ərzində 2900 nəfərin məhz bu adi qripdən öldüyünü təsdiqləyir. Halbuki, 2 ay müddətində dünyada 2800 nəfərin koronavirusdan öldüyü bildirilir. Belə olan halda, yəni koronavirus digərlərindən daha təhlükəsizdirsə, dünyanın 30-a yaxın ölkəsi niyə həyəcan içərisindədir?
Bəzən dünya mətbuatında yayılan xəbərlərdə də şahidi oluruq ki, bir sıra ölkələrdə koronavirusa yoluxmaqda şübhəli bilinən insanlar təcrid olunaraq tibb müəssisələrində saxlanılır və bu heç də əbəs yerə deyil. Məsələ burasındadır ki, koronavirusun daha təhkükəli məqamı onun inkubasiya dövrü ilə bağlıdır. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, SARS-ın inkubasiya dövrü 5 günə qədər olduğu halda, bu xəstəliyin inkubasiya dövrü 14 günə dərər davam edə bilir. Xəstəliyin belə bir inkubasiya dövrü yoluxma hallarının aşkarlanmasını çətinləşdirir ki, bu da öz növbəsində virusun yayılmasının qarşısını almaq üçün riskli hesab olunan insanların şübhəli kimi nəzarətə alınmasını, karantinə götürülməsini labüd edir. Çünki, hələ təsdiq olunmamış, inkubsiya dövrünü keçən xəstəliyin sağlam insana ötürülmə riski böyükdür və bir sözlə, hələ inkubasiya dövründə belə virus birindən digərinə ötürülə, keçə bilər. Bu baxımdan narahatlıq deyil, vacib məsələ məhz şübhəli bilinənlərin təcrid olunmasıdır ki, risk faizi sıfıra endirilsin.
“Qorxunun əcələ faydası yox”, zərb məsəlində olduğu kimi koronavirusa görə də qorxunun, həyəcanın faydası yoxdur
Ümumiyyətlə, insanların qorxu hissi, narahatlıq keçirməsindənsə, maariflənməsi, xəstəlik barədə məlumatlanması daha faydalıdır. İnformasiyanın asan şəkildə əldə edildiyi bir zamanda sözügdən virus, yaxud digər bir xəstəlik, gözlənilən təhlükə barədə məlumat əldə etmək, qabaqlayıcı tədbirlər görmək, eyni zamanda qorxudan, həyəcandan da azad olmaq olar. Halbuki, məlumatsızlıq üzündən cəmiyyətdə qorxu, həyəcan hökm sürə bilir. “Qorxunun əcələ faydası yox”, zərb məsəlində olduğu kimi həyəcan keçirməyin də həqiqətən heç bir xəstəliyə nə faydası ola bilər, nə də bu həyəcanın nəyi isə dəyişdiyinin şahidi olan olmayıb. Analoji olaraq, koronavirusa görə də qorxunun, həyəcanın faydası yoxdur və maariflənmiş, məlumatlanmış cəmiyyət bu qorxu və həyəcandan azad ola bilər.
Ola bilsin ki, cəmiyyəti bir az da narahat edən ötən 2 ay müddətində bu xəstəliyə qarşı peyvəndin hazırlanmamasıdır. Amma unutmaq lazımd deyil ki, SARS virusuna qarşı peyvəndin hazırlanması düz 20 aya qədər uzamnışdı. Halbuki, mütəxəssislər koronavirusa qarşı peyvəndin hazırlanmasının bir ilə qədər çəkəcəyini xəbər verirlər. Təbii ki, bu müddət, xəstəliyə səbəb olan virusun araşdırılması, onun əleyhinə tətbiq ediləcək vasitələrin müəyyən edilməsi, təcrübələrdə tətbiqi və sair məsələlərə görə sərf olunacaq zaman nəzərə alınaraq mütəxəssislər tərəfindən təyin edilib. Bu baxımdan cəmiyyət qarxmalı, həyəcan keçirməli deyil, həmin müddəti gözləməli və bu müddət ərzində mühafizə olunmalıdır.
Bəşəriyyət mövcud olduğu dövr ərzində dəfələrlə bir sıra epidemiyalar, xəstəliklərlə qarşılaşıb, amma heç də məhv olmayıb və məhz apardığı mübarizənin sayəsində hal-hazırda mövcuddur. Bir zamanlar qorxulu hesab olunan xəstəliklər sonralar ən adi xəstəlik kimi müalicə olunan mərəzə çevrilib və hətta insanların gözündə adiləşib də. Çünki, bu xəstəliklər araşdırılıb, tədqiq olunub və məhz insan cəmiyyətini, bəşəriyyəti xilas etmək, qorumaq üçün həmin xəstəliklərin əlacı da tapılıb və təbii ki, bu müəyyən zaman fasiləsində reallaşıb. Bu zaman fasiləsində elmin inkişafını, əldə olunan nailiyyətləri də təbii ki, nəzərə almaq lazmdır ki, bunun sayəsində bəşəriyyət çıxış yolu tapıb. Məhz bu baxımdan, elmin hazırki səviyyədə inkişaf etdiyi dövrdə, iyirmi birinci əsrdə koronavirus adlı xəstəliyin çarəsinin, ona qarşı peyvəndin tapılacağı şübhə doğura bilməz. Əslində, koronavirusa yoluxanlar arasında ölənlərin sayından müalicə olunaraq sağaldılanların sayının müqaisəyə gəlməyəcək dərəcədə dəfələrlə çox olması belə təsdiq edir ki, tibb elmi hazırki dövrdə də bu xəstəliklə mabarizə aparmaq, müqavimət göstərmək qarşını almaq əzmindədir. Aparılan tədqiqatlar, dünya səviyyəsində, qlobal miqyasda aparılan araşdırmalar, eyni zamanda bütün dünyanın, bəşəriyyətin buna maraqlı olması xəstəliyin mümkün qədər ən yaxın zamanda çarəsinin tapılacağına, peyvəndinin istehsal olunacağına ümidləri artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB