İlham Əliyev: "Bu gün Azərbaycanda hökm sürən sabitlik və müşahidə edilən iqtisadi inkişaf ölkəmizi gücləndirir"
Aprelin 7-də Bakıda, Gülüstan sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Forum Azərbaycana həsr olunmuş videofilmin nümayişi ilə başladı. "Sərhədsiz dünyaya doğru" adlı açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev iştirakçıları salamlayaraq bu beynəlxalq toplantının Bakıda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini dedi. Azərbaycan Prezidenti bu forumun çox müsbət nəticələrinin olacağına və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu
bildirdi.
Bakı prosesinin təməli 2008-ci ildə Bakıda Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında qoyulub, - deyən Prezident İlham Əliyev həmin tədbirin sonunda Bakı Bəyannaməsinin qəbul olunduğunu xatırlatdı. Azərbaycan Prezidenti 2009-cu ildə paytaxtımızın növbəti mötəbər tədbirə, İslam Konfransı
Təşkilatına üzv ölkələrin Bakı toplantısına ev sahibliyi etdiyini vurğuladı. 2010-cu ildə isə Azərbaycan paytaxtında böyük əhəmiyyətə malik olan Dünya Dini Liderlərinin Zirvə görüşü keçirilib.
Bu ilin payızında Azərbaycanda Birinci Beynəlxalq Humanitar Forumun keçiriləcəyini deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz belə tədbirlərin reallaşması üçün ənənəvi məkana çevrilib. Dövlət başçısı əsrlər boyu Azərbaycanda bütün dinlərin və xalqların bir ailə kimi yaşadığını, milli və dini zəmində heç bir qarşıdurmaların olmadığını qeyd edərək bildirdi ki, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır.
"Bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amilindən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür.
Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, eyni zamanda, dövlət siyasətimiz bu sahədə birmənalıdır", - Azərbaycan Preüzidenti bildirib.
Prezident İlham Əliyev bundan sonra da Azərbaycanda milli zəmində dözümlülük məsələlərinin uğurla həllini tapacağına şübhə etmədiyini dedi, ölkəmizdə yaradılan bu nadir təcrübənin digər ölkələr tərəfindən öyrənilməsinin vacibliyini vurğuladı. Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti hər bir tədbirin böyük məna daşıdığını dedi, bugünkü tədbirin çox dəqiq və konkret nəticələrinin olacağına əminliyini ifadə etdi.
Prezident İlham Əliyev 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edildiyini xatırladaraq 2018-ci ildə bu şərəfli ada Azərbaycanın qədim şəhəri olan Naxçıvanın layiq görüldüyünü bildirdi.
Azərbaycan Prezidenti, eyni zamanda, ölkənin bütün dövrlərdə Qərb dünyasına bağlılığından da danışdı. Diqqətə çatdırdı ki, müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb, qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə Azərbaycanda təmin edilib, ilk opera bizim ölkədə səhnəyə qoyulub. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Konfransı Təşkilatının üzvüdür və təsadüfi deyil ki, məhz Azərbaycan mədəniyyətlərarası dialoqun keçirilməsi üçün mərkəzə çevrilib.
Prezident İlham Əliyev Azərbaycanın 20 ildir ki, müstəqil yaşadığını, ölkəmizdə quruculuq prosesinin, siyasi-iqtisadi islahatların uğurla aparıldığını, qonşularla çox gözəl, səmimi münasibətlərin qurulduğunu bildirdi.
Bu gün Azərbaycanda hökm sürən sabitlik və müşahidə edilən iqtisadi inkişaf ölkəmizi gücləndirir deyən dövlətimizin başçısı qeyd etdi ki, iqtisadiyyatdakı uğurlar, insanların yaşayış səviyyəsinin artması, ölkədə qlobal infrastruktur layihələrinin reallaşması, cəmiyyətdə mövcud olan ab-hava bizi daha da gücləndirir. Gücümüzün milli və dini müxtəliflikdə olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu.
"Torpaqlarımız hələ də işğal altındadır. Beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını işğal altında saxlayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün həyatını yaşayır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Baxmayaraq ki, orada göstərilib ki, Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır. İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT oxşar qətnamə və qərarlar qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, hələ də işğal davam edir. Biz ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar", - Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bir daha vurğuladı ki, sabit ölkə olan Azərbaycan iqtisadi cəhətdən tam şəkildə öz daxili resurslarına arxalanır, siyasi cəhətdən inkişaf yolunu seçən ölkəmizdə güclü ənənələr üzərində müasir dünyəvi dövlət qurulub. Sonda Prezident İlham Əliyev bir daha Forumun işinə uğurlar arzuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB