ARDNŞ balansında olan ərazilərdə qanunsuz tikililərlə bağlı reyd aparıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri şirkətin balansında olan torpaqlarda qanunsuz tikinti aparılmış ərazilərdə reyd təşkil edib. SİA-nın məlumatına görə, reyd iştirakçıları ilk olaraq Buzovna qəsəbəsində yerləşən "H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsi"nin ərazisində olub.
Hüquq İdarəsinin rəisi, ARDNŞ-nin torpaq komissiyasının sədr müavini Eldar Orucovun sözlərinə görə, son vaxtlar şirkətin balansında olan torpaqların qanunsuz şəkildə zəbt olunması ilə bağlı hallar çoxalıb. Adı çəkilən idarənin yataqlarından çıxarıla bilən neft ehtiyatlarının 7 milyon ton olduğunu deyən E.Orucov qeyd edib ki, idarənin ərazisinin 200 hektarı qanunsuz olaraq zəbt olunub: "Burada 2000-ci illərin əvvəlindən tikintiyə başlanılıb və son bir neçə ay əvvələ qədər davam edib. Ərazidə yüzlərlə qanunsuz tikinti işləri aparılıb. Bu tikililər arasında bilavasitə neft quyularının yaxınlığında yerləşəni də var. Dövlət Neft Şirkəti qeyri-yaşayış olmayan tikililəri artıq söküb, yaşayış olan evlərə isə toxunulmayıb. Söhbət o torpaqlardan gedir ki, orada neft hasilatı davam edir. Burada evlərin tikilməsi həm iqtisadi, həm də ekoloji baxımdan zərərlidir. Bu ərazilərdə qanunsuz tikilməsi heft hasilatını nəinki artırmağa imkan verir, əksinə hasilatın sabit saxlanmasına mənfi təsir göstərir".
Reyd zamanı qanunsuz tikililərin sahibləri olan yerli sakinlər bu torpaqların onlara yerli bələdiyyələr tərəfindən satıldığını və müvafiq sənədlərin olduğunu bildiriblər. Sakinlərdən Davud adlı şəxs torpağın bir sotuna 1000 dollara pul verdiyini desə də, torpağı ona satan bələdiyyə nümayəndəsinin adını çəkməkdə çətinlik çəkib. Sakinlər qeyd edib ki, son bir neçə aya qədər bu torpaqların ARDNŞ-a məxsus olmasından xəbərsiz olublar: "Tikinti aparılanda bundan yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin və polisin də xəbəri olub, amma heç bir maneçilik etməyiblər".
Reyd iştirakçıları Buzovnadan sonra Balaxanıya yollanıblar və onlar burada Balaxanı NQÇİ ərazisində olan qanunsuz tikililərə baxış keçiriblər. Jurnalistlərə bildirilib ki, burada indiyə kimi 235 milyon ton neft çıxarılıb və çıxarıla bilən daha 7 milyon ton neft var. Balaxanı NQÇİ ərazisində 5 minə qədər qanunsuz ev tikildiyini deyən NQÇİ-nin rəisi Müqdət Xəlilov söyləyib ki, idarənin əhatə etdiyi 1894 hektarın 570 hektarı və ya 30-35%-i vətəndaşlar tərəfindən zəbt olunub: "Tikililərin böyük əksəriyyəti 1989-1995-ci illərdə tikilib, 99%-nin sənədi yoxdur, olan sənədlər isə saxtadır . Ərazidə orta hesabla gündə 5-7 ev sökülür, 114 tikilinin sökülməsi barədə məhkəmə qərarı var, 300 tikilinin işinə isə məhkəmələrdə baxılır. ARDNŞ özünə məxsus torpaqlarda qanunsuz tikililərin qarşısını almaq üçün nəzarəti gücləndirib. Təkcə Balaxanı ərazisində qanunsuz tikililərə nəzarət etmək üçün 18 post qurulub".
E.Orucov bildirib ki, ərazidə tikilən evlər qanunsuz olduğundan burada lazımı infrastruktur qurulmayıb: "Zibil yığılıb qalıb, su müxtəlif yerlərdən gətirilir". H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin ərazisində olduğu kimi Balaxanı NQÇİ ərazisində olan qanunsuz tikili sahibləri də bu torpaqların onlara yerli bələdiyyələr tərəfindən satıldığını və buna görə ödəniş etdiklərini, əllərində müvafiq sənədlərin olduğunu bildiriblər. Buna cavab olaraq E.Orucov bildirib ki, sənədi olan vətəndaşlar evləri söküləcəyi halda, bələdiyyədən evin qiyməti həcmində kompensasiya tələb edə bilərlər: "Bələdiyyələr heç bir halda Dövlət Neft Şirkətinin balansında olan torpaqları satmaq səlahiyyətinə sahib deyil. Vətəndaşlara müəyyən sənədlər verilsə belə bu sənədlər heç bir hüquqi əsasa malik deyil. Qanuni qərar çıxarılmalı və günahkarlar müəyyən olunmalıdır. İstər fiziki, istərsə də hüquqi şəxslər vətəndaşlara dəyən ziyanı ödəməlidir".
Reydlərdən sonra ARDNŞ-in binasında mətbuat konfransı təşkil edilib. E.Orucov bildirib ki, şirkətin neft-qaz əməliyyatlarının aparıldığı 15 min hektara qədər ərazisi var. Qanunsuz tikilərlə bağlı ümumi statistikanın aparıldığını deyən Hüquq İdarəsinin rəisi keçən il aparılan aradırmalar nəticəsində 5 min hektar ərazidə qanunsuz tikililərin müəyyən olunduğunu vurğulayıb. E.Orucov qeyd edib ki, qüvvədə olan tikinti normalarına görə, neft quyuları üçün müəyyən olunan mühifizə zonası 75-150 metrdir. O, iki il ərzində Binəqədi üzrə 500, Bibiheybət üzrə 600, ümmilikdə 2 minə qədər məhkəmə iddiasının qaldırıldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB