Məmməd Əlizadə: “Hər kəs öz əxlaqı, tərbiyəsi çərçivəsində deyil, ümummili əxlaq çərçivəsində fəaliyyət göstərməlidir” - MÜSAHİBƏ (SƏS TV)
- Ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəla onu qeyd edim ki, ölkəmizdə baş verən hadisələri, dünyada gedən prosesləri və Azərbaycanda aparılan islahatları təməl prinsipləri kimi qiymətləndirmək lazımdır. Hələ bu hadisələr başlamamışdan əvvəl dövlət başçısı İlham Əliyev ölkədə islahatların aparılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha geniş şəkildə aparılması haqda göstərişlərini vermişdi. Bu tədbirlərdən "həvəslənən" bəzi insanlar təbii ki, məkirli niyyətlərini ortaya qoymaq üçün müxtəlif addımlar atmağa başladılar.
Bunun da əsas səbəbləri var. Bilirsiniz ki, ABŞ-ın, ümumiyyətlə, super dövlətlərin Yaxın Şərq ölkələrinə qarşı ciddi planları var idi. Onların Şərq ölkələrinə dair proqramlarında 2001-ci ildən sonra yenidən redaktə edildi, yeni konsepsiya hazırlandı. 2001-ci ilə qədər planlarında Azərbaycanın üç rayonu da daxil olmaqla Türkiyədən, Suriyadan, İrandan, İraqdan müəyyən hissə torpaqları qoparıb kürd dövləti yaratmaq və Türkiyənin tərkibinə birləşdirmək idi . Lakin 2001-ci ildən sonra dediyim bu konsepsiya redaktə olundu və yeni mərhələ proqramla ortaya qoyuldu. Bu nə idi? Bu ondan ibarətdir ki, işsizliyin baş alıb getdiyi, demokratiyanın tapdalandığı ərəb ölkələrində yeni inqilabların yaranması ilə gələcək proqramlarını, o cümlədən İrana qarşı olan təzyiqlərini lazımı səviyyəyə qaldırmaq idi. Bunun üçün də gənclər tapıldı. İlk etiraz Suriyada 25 yaşında gənc qızın müraciəti ilə başladı. Həmin müraciətdə gəncləri demokratiyanı ölkədə reallaşdırmaq çağırışları var idi. Bundan sonra bu təbliğat mexanizmi böyük dövlətlərin təsiri ilə işə düşdü. Bütün bunlar ərəb ölkələrində baş verən inqilaba təkan verdi.
Lakin Azərbaycan onlar üçün tamam başqa bir siyasət proqramına daxildir. Onların düşüncəsi ondan ibarətdir ki, əgər Azərbaycanda inqilabi proses baş verərsə, Ermənistanda da bunu yaratmaq lazımdır. Belə olan təqdirdə həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti dəyişilər və bu hakimyyət dəyişildikdən sonra Azərbaycan Dağlıq Qarabağ istiqamətində yenidən danışıqlara gedər və bu proses 20 il də uzanar. Bunun üçün təəssüflə qeyd edək ki, Azərbaycanda da müəyyən gənclər tapıldı ki, onlar erməni gənclərlə əlaqə qurmaqla inqilab etməyə cəhd etdilər.
- Ərəb ölkələrində baş verən hadisələrdən ruhlanan radikal müxalifətin sabitliyi pozmağa gücü imkanı yetərmi?
- Bu gün ölkə başçısı tərəfindən islahatlar aparılır. Biz istəsək də istəməsək də dünyada və ölkəmizdə gedən proseslər onu diktə edir ki, ölkəmizdə islahatlar getməlidir. Çünki Azərbaycan gəncliyində pasional enerji artmaqdadır. Bu enerjinin yaranmasına səbəb isə hər kəsin məişətində, evində rüşvət və korrupsiyanın süni olaraq həddindən artıq şişirdilməsi faktorudur. Bu da qeyd etdiyim həmin dövlətlərin oyun-oynamasının mənitiqi nəticəsidir. Ölkə başçısı uzun müddətdir ki, korrupsiya ilə bağlı mübarizəyə başlayıb. Bu mübarizə ləng gedərsə o zaman insanların mübarizə ümidsizliyi yarana bilər. Müxalif qüvvələr heç də ərəb ölkələrindən həvəslənməyiblər. Azərbaycan insanı ərəb deyil. Azərbaycan sivil, Avropaya inteqrasiya olan bir dövlətdir. Azərbaycan ərəb ölkələrindən örnək götürən dövlət deyil. Azərbaycanda bəzi qüvvələrin həvəslənməsinə impuls verən amil ölkə başçısının uzun müddətdir ki, hazırladığı kompleks yanaşmanı ortaya qoymasıdır.
Ölkəmizdə ilk növbədə vətəndaş cəmiyyəti formalaşıb, hazırda biz Dağlıq Qarabağın həllinə yaxınlaşmışıq. Bu mərhələdə olduğumuz bir dövrdə müxalifətin bu cür addımlarını görürük. Bunu kim edir? SOROS təşkilatının Azərbaycandakı təmsilçiləri, erməni lobbisi və digərləri. Heç bir ölkədə, məmləkətdə Azərbaycanda görülən işlər kimi iş görülmür. Artıq ölkəmizin şəhər və rayonları arasında fərq sıfıra bərabərdir. Əgər 5 il bundan qabaq kənddən şəhərə axın var idisə, indi şəhərdən kəndə axın var. Kəndlərimiz gözəlləşir, körpülər tikilir, yollar çəkilir. Artıq böyük dövlətlər qibtə etməyə başlayıblar. Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rola oynayan amil ölkəmizin iqtisadi cəhətdən inkişafıdır.
- Sizcə, küçə yürüşləri, mitinqlərlə siyasi hədəflərə çatmaq olarmı?
- Hələlik dünyanın müsəlman ölkələrində müsəlman şüuruna uyğun yolu seçirlər. Böyük dövlətlərdə isə bu yol çoxdan arxada qalıb. Bu gün həm Liviyada həm də Suriyada atlı polislərlə, qamçı ilə insanları meydandan qovma prosesləri gedir. Bu gün dünya ölkələrində keçirilən mitinqlərdə, küçə yürüşlərində yeni, modern mexanizmlər tətbiq olunur.
Qeyd edim ki, ümumiyyətlə, ölkənin inkişafı üçün 3 əsas rəqabət forması var. O olmayanda çatışmazlıqlar meydana gəlir. Birinci iqtisadi, ikinci siyasi, üçüncü mənəvi rəqabətdir. Bunları məmləkətdə ortaya qoyub xalqa sirayət edə bilsək, aksiyalara ehtiyac olmaz. Bizim Konstitusiyamiz, qanunlarımız var. Ölkə o zaman inkişaf edir ki, orada qanun şah olsun, adi vətəndaşdan tutmuş ölkə başçısına qədər hər kəs qanuna əməl etsin. Mən şəhərdə gəzmək istəyirəm, nəyə görə mənim haqqımı tapdalamalısan? Niyə kiminsə zəhmətlə düzəltdiyi şüşəni sındırmalısan. Sənin marağın var, çox gözəl, amma ümummilli maraqlar da var. Ona görə də hər kəs öz əxlaqi tərbiyəsi çərçivəsində deyil, ümummili əxlaq çərçivəsində fəaliyyət göstərməlidir. Əgər belə olarsa, o zaman ölkəmizdə gedən proseslər dünyanın, beynəlxalq təşkilatların marağı çərçivəsində deyil, Azərbaycanın milli marağı çərçivəsində cərəyan edər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB