Ermənilər koronavirus çaxnaşmasında, hakimiyyət yuxuda TƏHLİL

Koronavirus tədricən Ermənistanı cənginə alır və artıq bu ölkənin Səhiyyə və Əmək Müfəttişliyinin sanitariya-gigiyena və anti-epidemioloji nəzarət şöbəsinin müdiri Anna Harutyunyan “Joxovurd” qəzetinə müsahibəsində də bunu etiraf edib. A.Harutyunyan nəşrə müsahibəsində, daha doğrusu etirafında Ermənistanda artıq 40 nəfərin yüksək hərarət və digər koronavirus simptomları ilə qospitallaşdırıldığını bildirib. Bu isə, təbii ki, vətəndaşları bərk narahat edir. Amma Ermənistan hökuməti tədbir görmək əvəzinə çaxnaşma yaratmamağa çağırır. Ekspertlər isə vəziyyətin nə yerdə, necə olduğunu araşdırmağa, anlamağa və nəticə çıxarmağa çalışırlar.

Ermənistanda 40 nəfərin məhz koronavirus simptomları ilə qospitallaşdırılması fonunda koronavirus infeksiyasının ölkə vətəndaşlarını çaxnaşmaya saldığı günün reallığıdır və bu çaxnaşma özü də normal təzahürdür. Öz qonşularında, məsələn, Azərbaycanda cəmi bir nəfərin, Gürcüstanda ikinci bir yoluxma hadisəsinin, eləcə də İranda yoluxanların sayının yüzə qədər artmasının fonunda ölkə səlahiyyətlilərinin, Ermənistan hakimiyyətinin, bu hakimiyyətin müvafiq qurumlarının epidemiyaya, virusa, nəticədə isə ölkə vətəndaşlarının vəziyyətinə, sağlamlığına saymaz yanaşmasını ermənilər böyük narazılıqla qarşılayır. Əslində, belə bir laqeydlik erməni cəmiyyətini narahat etməyə də bilməz. Əbəs yerə deyil ki, Ermənistanda sosial şəbəkələr qaynayır və şəbəkə istifadəçiləri İranla, eləcə də Gürcüstanla sərhədlərin bağlanmasını hökumətdən tələb edirlər. Doğrudur, səfalət içərisində yaşayan ermənilər, Ermənistan cəmiyyəti üçün, az qala immunitetsiz ictimaiyyət üçün bir infeksiya daha dəhşətli və ölümcüldür. Məhz bu baxımdan da ermənilər bundan qorunmaq üçün sərhədlərin bağlanması təkidi ilə çıxış edirlər. Amma, məsələ burasındadır ki, hər tərəfdən yolları bağlanmış, öz işğalçılıq və terrorçuluq siyasəti sayəsində küncə qısılmış, marginallaşmış və yalnız İrana əl açaraq minimum ehtiyaclarını təmin edən, bu dövlətin sayəsində bir növ hələ ki, mövcud olan bir dövlət üçün, yəni Ermənistan üçün İranla sərhəddin bağlanılması da iqtisadi baxımdan ölümcüldür.

Çox təəccüblüdür ki, Ermənistan vətəndaşlarının çaxnaşmasından, təlaşından fərqli olaraq, Paşinyan hökuməti demək olar ki, öz laqeydliyini qoruyur və bir növ yuxudadır. Ermənistan hakimiyyəti, bu ölkənin Səhiyyə Nazirliyi bu vaxta qədər dəfələrlə infeksiya hallarının olmadığını iddia etməklə, sanki narahatlıqdan, vətəndaşlarının sağlamlığını, təhlükəsizliyini qarumaq məsuliyyətindən boyun qaçırır. Ancaq ermənilər hələ də virus xofunu yaşayır və məhz bu səbəbdən də çaxnaşmadadırlar. Çünki, təhlükə qarşısında tamamilə çarəsiz qalacaqlarını çox yaxşı başa düşür, hökumətin nəinki bu xəstəliklə mübarizə əzmində, eləcə də niyyətində belə olmadığının fərqindədirlər.

Sputnik Armenia ölkənin təhlükəli virusa qarşı mübarizəyə hazır olub-olmadığını öyrənməyə çalışıb. Ermənistan Səhiyyə Nazirliyinin immunizasiya proqramının rəhbəri Qayane Saakyan, bir tərəfdən səhiyyə sistemində bir risk qiymətləndirməsinin aparıldığını desə də, digər tərəfdən yalnız “Nork” yoluxucu xəstəliklər xəstəxanasının bunun üçün təyin edildiyini söyləyib. O, bundan əlavə, Ermənistanın kütləvi yoluxma təhlükəsi ilə üzləşəcəyi təqdirdə, digər xəstəxanaların da nəzərə alınmacağını və bunun üçün təyin ediləcəyini bildirib. Bu isə o deməkdir ki, sadəcə ermənilər, Ermənistan vətəndaşları yenə də aldadılır və ümumiyyətlə onların təhlükəsizliyini düşünən yoxdur. Əvəzində, Paşinyan təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaqla işini bitmiş hesab edir.

Ekspertlər isə belə bir qənaətdədirlər ki, erməni baş nazirinin təhlükəsizlik qaydalarına riayət etməyə çağırışı yetərli deyil. Xüsusilə vurğulanır ki, Ermənistanı hər tərəfdən yoluxmuş ölkələr əhatə edirsə, eyni zamanda, hazırda 40 nəfər bu səbəbdən qospitallaşdırılıbsa, deməli, bu epidemiya fəlakəti ölkənin başının üstünü alıb və təcili tədbirlər görülməsi tələb olunur. Onların fikrinə görə hökümət bu fəlakətə hazır olmalıdır və ən azından hazır olmaq üçün səy göstərməlidir.

Saakyan özü məhz qızılca xəstəliyində olduğu kimi, koronavirusun da Ermənistanı bürüyəcəyini istisna etməyib. O, belə bir halda hətta çaxnaşma etməməyi tövsiyyə edir və eynilə erməni baş naziri kimi təhlükəsizlik qaydalarına riayət etməyi məsləhət görməklə işini bitmiş hesab edir. Onun, şübhəlilərin hərarəti mütəmadi olaraq ölçülür deməsi isə hədsiz dərəcədə gülünc səslənir və heç bir hazırlıq görülmədiyini, ümumiyyətlə, bu ölkədə xəstəliklərlə mübarizə barədə düşünülmədiyini də təsdiq edir.

Saakyanın “ölkədə vəziyyət ümidsiz deyil” deməsi isə, əslində, məsələnin nə qədər ciddi olduğunu, virusun Ermənistanda kifayət qədər olduğunu təsdiqləyir. Eyni zamanda onun, “bəlkə də gigiyena qaydalarına riayət etsək və bir-birimizə yoluxdurmasaq, virus keçib gedər” deməsi də bir çox məqamlara aydınlıq gətirir. Beləki, Ermənistan Səhiyyə Nazirliyinin immunizasiya proqramının rəhbərinin “bir-birimizə yoluxdurmasaq” sözü ölkədə yetərincə virusa yoluxanların, koronavirus xəstələrinin olduğunu isbatlayır. Bununla belə, nazirliyin immunizasiya proqramının rəhbəri infeksiya hallarının gizlədildiyi barədə sosial şəbəkələrdə yayılan məlumatları utanmadan təkzib etməyə çalışır, yenə də caxnaşmadan çəkinməyi tövsiyyə edir. Halbuki, ermənilər belə bir saymazlığın, belə bir diqqətsizliyini müqabilində necə təşvişə düşməyə, necə çaxnaşma yaratmaya bilər və çaxnaşma labüddür, həmçinin günün Ermənistan reallığıdır.

Öz növbəsində "Təcili yardım" QSC-nin direktoru Taqui Stepanyan rəhbərlik etdiyi xidmətin virusla mübarizəyə necə “hazır” olduğu barədə məlumat verib.

"Hər şeyə ehtiyacımız var. İlk növbədə maskalara, dezinfeksiyaedici maddələr və s tibbi vasitələrə və preparatlara ehtiyaz duyulur", deyə Qapalı Səhmdar Cəmiyyətinin direktoru etiraf edib və mövcud vəziyyəti gizlətməyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fevralın 27-nə olan məlumata əsasən, virus 48 ölkəyə təsir göstərib. Doğrudur, xəstəliyə yoluxma hallarının əksəriyyəti Çində qeydə alınıb. Bu ölkədə 84 minə yaxın xəstəlik halı təsdiqlənib. Şərti də olsa qeyd edək ki, ümumilikdə dünyada 2872 nəfər xəstəlikdən ölüb. Virus Antarktidadan başqa bütün qitələrə yayılıb. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreisus koronavirusun yayılmasına qarşı mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu düşünür. Onun sözlərinə görə, mübarizənin, mühafizənin, qabaqlayıcı tədbirlərin olmaması hər hansı bir ölkə üçün ölümcül ola bilər.

Ancaq görünür hələ də Ermənistan hakimiyyəti yuxudadır. Bu ölkədə yaşayan insanlar koronavirus xəstəliyi və onun yaşadıqları ərazidə yayılması səbəbindən təşviş keçirdiyi, çaxnaşmada olduğu halda Paşinyan hakimiyyəti buna tamamilə laqeyid yanaşır. Yəni, xalq adından çıxış edib, daha doğrusu istifadə edib hakimiyyəti qmarlayan Nikol Paşinyan özü də erməni cəmiyyətini, Ermənistan vətəndaşlarını, onların təhlükəsizliyini, sağlamlığını hesaba almır. İndi onun özü də, hakimiyyət komandası da sanki yuxu rejimindədir. Məsələnin mahiyyitini anlamazlıqdanmı, saymazlıqdanmı, təcrübəsizlikdənmi, ya nədən olur-olsun, hər bir halda koronavirusun ölkəni cənginə aldığı bir durumda ermənilər çaxnaşmada, Paşinyan hakimiyyəti isə yuxudadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə