Türkiyə və Rusiyanın ərəb dünyası üzərində maraqları üst-üstə düşə bilməz - ÖZƏL ŞƏRH

Türkiyə və Rusiyanın ərəb dünyası üzərində maraqları üst-üstə düşə bilməz - ÖZƏL ŞƏRH

Türkiyə və Rusiyanın ərəb dünyası üzərində maraqları üst-üstə düşə bilməz. Hər nə qədər diplomatik vasitələr işə salınsa da, Suriya məsələsində bu iki tərəf ortaq məxrəcə gələ bilməyib. Bunu SİA-ya açıqlamasıda politloq, siyasi şərhçi Arzu Nağıyev deyib.

O, bildirib ki, Suriyada dünyanın güclü dövlətlərinin hər birinin öz marağı var:”Bütün dövlətlərin maraqları üst-üstə düşmədiyinə görə də bu ölkə savaş meydanına çevrilib. Rusiya istəyir ki, İdlibi də ələ keçirdikdən sonra bu əraziləri Türkiyənin nəzarətində olan qruplaşmalardan təmizləsin. Bununla da Rusiya öz maraqları çərçivəsində, əməliyyatlara başlayıb. Bu müharibədə tək rus hərbçiləri yox, onun təsiri altında olan qüvvələr də müharibəyə qoşulub. Rusiya guya Əsədlə birləşərək terrorizmə qarşı mübarizə aparır, amma bu ad altında Əsədlə birləşərək Əsədə qarşı olan dövlətlər və qüvvələrlə də müharibə aparır. Bunlar Türkiyə və Suriyanın müxalif qüvvələridir. Əslində Rusiyanın marağı Suriya ərazisində öz hökmranlığını qurmaqdan və həmçinin Suriya ərazisində Sovet dövründən qalmış hərbi bazaları da bərpa etməkdən ibarətdir. Ən böyük problem isə ondan ibarətdir ki, yenidən qaçqınların sayı arta bilər. Bildiyiniz kimi 30 kilometrlik ərazidə birgə patrul ərazisi yaradılıb, lakin indi o ərazilər dağılmaq üzrədir və Türkiyə bununla da mübarizə aparır”.

Politoloq qeyd edib ki, Türkiyə indiyədək qaçqınlar üçün 50 milyard dollar vəsait xərcləyib: “Buna baxmayaraq Avropa Türkiyəyə vəd etdiyi pulu vermir. Türkiyə də öz növbəsində bu köməyi də tələb etdiyinə görə sərhədləri açıb, qaçqınların Avropaya axınını təmin edəcəyini də bəyan edir. Suriya böhranında ABŞ öncələr Türkiyəni dəstəkləsə də, Türkiyənin S400-ləri alması ilə münasibətlər soyuqlaşıb. Əsəd rejimini Türkiyə istəmir, lakin Rusiya dəstəkləyir. Belə olan halda bu məsələdə ortaq maraqlardan söhbət gedə bilməz. Dünən 33 türk əsgəri şəhid olub. Rusiya hələ də bu hadisədəki rolunu qəbul etmək istəmir. Baxmayaraq ki, bir neçə gün öncə Suriyada uçan hərbi təyyarələrdə rus təlimatçıların olduğunu bəyan edib”.

A.Nağıyev vurğulayıb ki, siyasi mənzərə onu göstərir ki, Rusiya-Türkiyə qarşıdurması davam edəcək: “Türkiyə açıq şəkildə Əsəd rejiminə qarşı müharibə elan etdiyini bəyan edib və öz mübarizəsini davam etdirəcək. NATO və Rusiya Türkiyədən öz maraqları üçün istifadə edib. Lakin Rusiya lazım gələrsə Türkiyəyə qarşı çıxa biləcəyini də göstərib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə