"Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı mövcuddur" ÖZƏL-ŞƏRH

"Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyada iki dövlətin toqquşma ehtimalının artması fonunda Moskvadan Cənubi Qagfqazdakı forspostu Enmənistana dəstək vədi gəldi. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçləri Ermənistan-Azərbaycan sərhəddində yerləşdirilə bilər. Aydındır ki, səfir Kremlin təlimatı ilə bu açıqlamanı verib". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya səfiri bunu belə izah edib ki, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: “KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir”.

Rusiyalı diplomatın bu açıqlaması birbaşa Azərbaycanın əleyhinədir. Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşlıq verə bilməyəcəyik, çünki sərhəddin o biri tərəfində rusiyalı hərbçilər olacaq. Rusiya Suriyadakı siyasətini eyni ilə Cənubi Qafqazda həyata keçirir. Rusiya Suriyada Bəşər Əsəd rejimini qoruyur, hərbçilərini əməliyyatlara yönəldir, hərbi aviasiyası İdlibi bombalayır ki, Türkiyə bunun qarşılığını verməsin. Türkiyə Rusiya hərbçiləri ilə Suriyada toqquşmaq istəmir. Ancaq Türkiyə şəhidlərinin intiqamını da yerdə qoymayaraq Əsəd rejiminə zərbələr endirir. Rusiya Cənubi Qafqazda da elə bir siyasət yürütmək istəyir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirsin, istədiyi zaman atəşkəsi pozsun, Azərbaycan isə bunun qarşılığını verə bilməsin.

Bu arada, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan İrəvanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasyaya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatdan dəstək gözləyir. İrəvanın ümidi onadır ki, Azərbaycanla münaqişə olacağı təqdirdə təşkilat Ermənistana əməli şəkildə dəstəkləsin. Təşkilatın Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarusun rəhbərlikləri öz hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərməyəcəklər. Hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərə biləcək tək ölkə Rusiyadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...