Aprelin 6-da Türkiyənin gənclər sektorunun fəallarından ibarət nümayəndə heyəti "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olub. SİA-nın xəbərinə görə, qonaqlar sırasında Türkiyə Gənclik və İdman Baş İdarəsinin rəsmisi Mustafa Cenk, Trabzon Gənclik mərkəzinin nümayəndəsi Şükran Avcı, Bursa Gənclik mərkəzinin nümayəndəsi Şevket Doğan və digər gənclər təşkilatlarının nümayəndələri, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin baş məsləhətçisi Ramil Məmmədov olub.
İlk öncə "İRƏLİ" İctimai Birliyinin baş katibi Rauf Mərdiyev qonaqları mərkəzlə tanış edib. Daha sonra dəyirmi masa ətrafında təşkilatların fəaliyyət istiqamətləri, ortaq layihələr və əməkdaşlıq yolları müzakirə olunub. Görüşdə, həmçinin "İRƏLİ" İctimai Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi Cavid Osmanlı bu ilin fevral ayında Türkiyənin Ərzurum şəhərində keçirilən XXV Dünya Üniversitetlərarası Qış İdman Oyunlarında "İRƏLİ" İctimai Birliyinin könüllü qrupunun iştirakı barədə qonaqlara məlumat verib.
Görüşün sonunda bu ilin 23-30 iyul tarixləri arasında Türkiyənin Trabzon şəhərində keçiriləcək "Avropa Gənclik Olimpiya Oyunları"nda Azərbaycanlı könüllü heyətinin iştirakı müzakirə mövzusu olub.
Qeyd edək ki, bu ilin 20-25 fevral tarixlərində Azərbaycanın gənclər sektorunun fəallarından ibarət nümayəndə heyəti də qardaş ölkəyə səfər ediblər. Hər iki səfər 2010-cu ilin dekabrında Türkiyə Respublikasının Gənclər və İdman Direktoru Yunus Akgülün Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovla görüşü zamanı əldə olunmuş razılıq əsasında təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB