Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başalyıb

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başalyıb
Bu gün Azərbaycan ilk dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. SİA-nın məlumatına görə, 20 dövlətin (Avstriya, Çexiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan, Kuba, Efiopiya, Qırğızıstan, Makedoniya, Qətər, Toqo, Ukrayna, Latviya) mədəniyyət nazirlərinin, bir neçə ölkənin (Peru, Litva, Küveyt) nazir müavinlərinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun Baş katibinin, İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin, Avropa Şurasının Baş katibinin, eyni zamanda, Avropa Şurası Parlament Assambleyası prezidentinin, bir sıra dünya şəhərlərinin merlərinin, görkəmli mədəniyyət və incəsənət xadimləri forumda iştirak edir.

Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Ümumiyyətlə, tədbirdə 400-dən çox nüfuzlu nümayəndənin iştirakı nəzərdə tutulur.

Tədbirdə təmsil olunacaq Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başlandığı nəzərə alınaraq rəmzi olaraq yeni platformanın adı "5 A" kimi təklif edilir.

Forum zamanı "Layihə və təşəbbüslərin təqdimatı" adlı tədbir də nəzərdə tutulur. Bu tədbir çərçivəsində Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və Azərbaycan tərəfi özlərinin layihə və təşəbbüslərini nümayiş etdirəcəklər.

İlk sessiya sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunacaq. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba sədrlik edəcəklər.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının Mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcək.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcək.

Qeyd edək ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews arasında imzalanan müqaviləyə əsasən telekanal Forumda çəkiliş aparacaq və tədbirdən sonra 1 həftə ərzində 20 dəfə 20 dildə nümayiş etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə