Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin BAŞLANĞICI ŞƏRH-ÖZƏL

Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin BAŞLANĞICI ŞƏRH-ÖZƏL

“Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı hesab olunur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri elə Azərbaycan prezidenti İlham Əliyevin də birgə mətbuat konfransında bildirdiyi kimi müntəzəm olaraq keçirilir və hər bir görüş böyük məna daşıyır: “Prezident İlham Əliyev birgə mətbuat konfransında bildirdi ki, hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Dövlət başçısı qeyd etdi: “ Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, iki ölkənin fikirləri bütün məsələlərdə birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin. İki ölkə arasında önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik”.

Politoloq söyləyib ki, Türkiyə və Azərbaycan daima qardaş dövlətlər olaraq beynəlxalq səviyyədə bir-birinə tam dəstək verirlər: “Türkiyənin işğalçı Ermənistanla sərhədləri bağlı saxlaması, diplomatik müstəvidə beynəlxalq aləmdə daima Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, Azərbaycanın da eynilə Türkiyəyə qardaşlıq münasibətində etibarlı müttəfiq olması bu iki ölkəni bölgədə və dünya siyasətində söz sahibi etmişdir. Bu da onu göstərir ki, ölkələrimiz bir çox beynəlxalq məsələlərdə söz sahibidir və birlikdə çox güclüdürlər. Doğrudur, Türkiyənin hazırda Yaxın Şərqdə, Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsində siyasəti böyük maneələrlə üzləşmişdir, lakin Türkiyənin gec ya tez üzünü Qarabağa tərəf çevirəcəyi şübhəsizdir”.

N. Məmmədova qeyd edib ki, NATO üzvü olan regional böyük dövlətin Azərbaycanla birlikdə dünya siyasətində söz sahibi olaraq güc mərkəzlərini özləri ilə hedablaşmağa vadar etməsi artıq bir gerçəkdir: “ Prezident İlham Əliyev birgə keçirilən mətbuat konfransında Türkiyənin dünya miqyasında bir güc mərkəzinə çevrildiyini qeyd edərək, bunun prezident Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər, yorulmaz fəaliyyəti nəticəsində gerçəkləşdiyini xüsusi vurğuladı. Doğurdan da, Türkiyə bu gün beynəlxalq miqyasda qəbul olunan güclü dövlətdir və bu, Ərdoğanın hakimiyyətə gəlişindən sonra daha da geniş vüsət almağa başladı”.

Politoloq vurğulayıb ki, bu gün Türkiyə regionda və dünyada gedən prosesləri öz xeyrinə istifadə etmək üçün yetərincə potensiala malikdir: “2023-cü ildə Cümhuriyyətin 100 illiyinə Ərdoğanın böyük planları var və Türkiyə bunları həmin vaxtadək uğurla başa çatdıra biləcəkdir. Türkiyə regionda ən böyük dövlət olma yolunda uğurla irəliləyir və bunun əsas səbəbkarı da İlham Əliyevin də qeyd etdiyi kimi Rəcəb Tayyib Ərdoğandır. Eyni zamanda, Türkiyənin bütün çətinliklərə sinə gərməsində təbii ki, qardaş, dost Azərbaycanın, onun prezidenti İlham Əliyevin də xüsusi rolu vardır. Buna görə də Ərdoğan haqlı olaraq çıxışında qeyd etmişdir ki, “həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə