Mövlud Çavuşoğlu: “Dağlıq Qarabağla bağlı alt komitə yaxşı niyyətlə yaradılmış bir komitədir” - AÇIQLAMA

Mövlud Çavuşoğlu: “Dağlıq Qarabağla bağlı alt komitə yaxşı niyyətlə yaradılmış bir komitədir” - AÇIQLAMA
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu Bakıya gəlib. SİA-nın aldığı məlumata görə səfərin əsas məqsədi aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir. AŞPA prezidentinin rəsmilərlə görüşü də gözlənilir.
Jurnalistlərə açıqlamasında M.Çavuşoğlu pəhbərlik etdiyi qurumda Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasına da münasibət bildirib: "Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasında hansı məsələlərin müzakirə olunacağını bu komitənin üzvləri müəyyənləşdirəcək. Bizim vəzifəmiz bu komitəni qurmaq idi və qurduq".
M.Çavuşoğluya bildirilib ki, Ermənistan AŞPA-dakı nümayəndə heyəti komitənin iclasında iştirak etməkdən imtina edib. Qurumun prezidenti isə: "Bizim vəzifəmiz münaqişənin həllinə dəstək verməkdir. ATƏT-in Minsk Qrupu da bu məsələ ilə bağlı çalışır. Məqsədimiz buna müdaxilə etmək deyil, tərəflər arasında bir-birinə inam olmalıdır. Alt komitə yaxşı niyyətlə yaradılıb. Parlamentarilər də buna riayət etməli və iclaslarda iştirak etməlidir. Komitənin iclasına qatılıb-qatılmayacağı barədə qərarı erməni tərəfi özü verəcək".
M.Çavuşoğlu ermənilərin Xankəndində inşa edilmiş hava limanına aviareyslər təşkil etməsi məsələsinə də münasibət bildirib. Qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı AŞPA-nın qətnamələri var: "Bizim bu mövzuda mövqeyimiz dəyişməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə