Xocalı - sağalmayan yara - “Arqumentı Nedeli”

Rusiya mətbuatında, daha dəqiq olaraq argumenti.ru saytında Azərbaycanda törədilən və azərbaycanlıların vəhşicəsinə qətli ilə nəticələnən Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib. SİA məqaləni olduğu kimi təqdim edir.

Bir çox xalqların “ağrılı nöqtələri” var ki, onların əksəriyyəti insanların böyük hissəsinin zorakılıq yolları ilə qətlə yetirilməsi ilə bağlıdır. Yəhudilərdə Babiy Yar, beloruslarda Xatın, çinlilərdə Yankin, yaponlarda Xirosima. Belə bir nöqtə azərbaycanlılarda da var. Onun adı – Xocalıdır. Rusiyanın nüfuzlu “Arqumentı Nedeli” (“Həftənin Arqumentləri”) nəşri yazır.

“Qonşular arasında münaqişələr adi haldır”, deyə qeyd edən nəşr yazır ki, bu ayrı-ayrı adamlara və bütöv xalqlara da aiddir: “Hər zaman hər hansısa gərginlik xətləri olur ki, bu da illər boyu üst-üstə yığılır. Hərdən isə, yüz illərlə. Lakin ən pisi budur ki, potensial münaqişənin minaları qəsdən qoyulur. Bu ya axmaqlıqdır, ya yüksək sadəlöhvlükdür, ya da pis niyyətdir ki, əsrlər boyu tənzimlənmiş canlı sərhədləri kəssin. Bir çox xalqlar digər xalqların torpaqlarına köçüblər. Milli respublikaların sərhədləri əsrlərə aid xətlər üzərində deyil, hər hansı ani səmərələr qarşılığında müəyyən olunudru. Rayonların, şəhərlərin, böyük muxtariyyətlərin qeydiyyatları dəyişdirilirdi. Olanlar məcburiyyət altında idi, necə ki, Sovetlər güclü əlləri ilə “xalqlar dostluğunu” saxlayırdı. Ancaq bolşeviklərin əlləri boşalan kimi, bütün bu maraqlar anidən şişdi və partladı, haradasa az, haradasa böyük qanlar bahasına”.

“Arqumentı Nedeli” qeyd edir ki, ən qanlı yara Ermənistanla Azərbaycan arasında töküldü və Dağlıq Qarabağ xalqların döyüş sahəsinə çevrildi: “Biz, əsrlərin dərinliyinə qədər işləmiş münaqişənin tarixinə varmayacağıq. Lakin istənilən davada, istənilən müharibədə elə şeylər var ki, onlar yolverilməzdir. Elə məsələlər var ki, heç vaxt unudulmamalı və heç vaxt təkrarlanmamalıdır.

Bu, 1992-ci ilin fevralında baş verib. Xocalı – Dağlıq Qarabağda yalnız 90-cı illərin əvvəlində şəhər statusu almış elə də böyük olmayan qəsəbə. Orada aşağı-yuxarı 6 mindən bir az çox insan yaşayırdı. Erməni-azərbaycanlı münaqişəsinin əvvəlində şəhərin böyük kəsimində azərbaycanlılar yaşayırdı. Burada Ağdam-Şuşa və Əsgəran-Xankəndi əsas strateji yolları kəsişirdi, eləcə də Qarabağda olan yeganə böyük aeroport yerləşirdi. Xocalı ermənilərin dərinliyində qalmışdı. Demək olar ki, şəhər yarım il blokadada idi. Nə elektrik, nə su nə də istilik təchizatı yox idi, telefon bağlantısı kəsilmişdi. Ancaq ermənilər hesab edirdilər ki, blokadaya alınmış Xocalı belə onlar üçün davamlı olaraq təhdiddir. Hətta hərbi zərurət belə bundan sonra baş verənləri əsaslandıra bilməz.

Erməni tarixçilərinin verdiyi məlumata görə, ermənilər bir ay ərzində Xocalıya qarşı hücum barədə xəbərdarlıq ediblər. Erməni tərəfi mülki şəxslərin çıxması üçün nəzarət edilən bir humanitar dəhlizin qaldığını iddia edir. Sual edirlər ki, qalanları niyə ərazidən ayrılmadı? Evlərindən çıxmaq istəmədi? Bunun nəyə çevriləcəyinə inanmadılar? Dəhlizin özü belə onları inandırmadı? Əks təqdirdə, azərbaycanlılar belə asan bir yol ola-ola niyə Xocalı sakinlərini helikopterlə təxliyə etdilər? Ümumilikdə 300 nəfər helikopterlər tərəfindən çıxarıldı, lakin faciədən iki həftə əvvəl vertolyotların Xocalıya uçması mümkünsüz idi, çünki onlara atəş açılırdı. Kim bilir hadisələr necə olub... Bu və ya digər şəkildə hücumdan qabaq şəhərdə yalnız əsgərlər və milislər deyil, bir neçə min dinc sakin - uşaqlar, qadınlar, qoca insanlar var idi.

Fevralın 25-dən 26-na keçən gecə əvvəlcə şəhər intensiv atəşə tutuldu, daha sonra isə hücum başladı. Gecə saat üç radələrində Xocalının sağ qalan sakinləri çay boyunca, “azad dəhliz” boyunca qaçmağa çalışdılar.
Faciənin günahının qaranlıq və ya qaçqınlar arasında şəhərin bir sıra silahlı müdafiəçilərinin və ya başqa bir şeyin olduğunu söyləmək çətindir. Qaçan insanlara aramsız atəş açıldı. Çaxnaşma içində olan insanlar buzlu suya atıldı, isti paltar olmadan qış vaxtı qarla örtülmüş dağlara üz tutdular. Bir çoxu yara səbəbindən, digərləri şaxtadan donaraq dağlarda öldü.

Müxtəlif mənbələrə görə, taleyüklü həmin gecə hücum zamanı insanlar, qaçmaq cəhdi etdiyi zaman öldürüldü, yaralılar aldıqları yara səbəbindən həyatlarını itirdilər, dağlara üz tutanlar şaxtadan donaraq öldülər ki, onlar arasında ən azı 106 qadın, 70 qoca və 63 uşaq da var idi. Hadisədə, təxminən 500 nəfər yaralanıb, 150 nəfər itkin düşüb.

Əslində, suallar cavablardan daha çoxdur. Xocalıdan olan ermənilərin məskunlaşdığı Xankəndi üçün hesab etdikləri potensial təhlükə, şəhərin mülki şəxslərinin ağır silahlardan atəşə tutulması üçün kifayət qədər əsasdırmı?

Erməni tərəfinin bəyanatına görə, hücumun başlamasından bir ay əvvəl bu barıdı bilindiyi halda, Xocalı sakinlərinin əksəriyyəti niyə şəhəri tərk etmədi? Atəş açmaq əmrini kim verib?

Suallar, suallar, suallar ...

Tarixdə "Xocalı qətliamı" kimi keçən faciədən bir qədər sonra çox sayda jurnalist hadisə yerində olub. Onların şahid olduğu hadisələri sitat gətirmək çox dəhşətlidir. Ancaq lazımdır. Unutmamaq üçün lazımdır.
" Vertolyotun dəyirmi pəncərəsindən baxıram və inanılmaz dərəcədə qorxunc mənzərədən geri çəkilirəm. Boz qar topalarının, qışda qar yağıntılarının hələ də kölgədə qalan qalıqları və dağətəyi ərazilərin sarı otları üzərində ölü insanlar görünürdü. Bu geniş ərazidə qadınların, qocaların, qoca qadınların, hər yaşda oğlan və qız uşaqlarının, körpələrdən tutmuş yeniyetmələrə qədər olan cəsədlər ... Yuri Romanov, TV müxbiri, Rusiya

“Fevralın 26-da Xankəndidən yaralıları çıxardım və Əsgəran darvazasından geri qayıtdım. Yerdəki bəzi parlaq görüntülər diqqətimi çəkdi. Eniş etdim, bu zaman uçuş mühəndisim qışqırdı: "Baxın, qadınlar və uşaqlar var". Bəli, mən özüm də yamacda səpələnmiş halda təxminən iki yüz ölü görürdüm. Sonra biz cəsədləri götürmək üçün uçduq. Yerli polis kapitanı yanımızda idi. Orada kəlləsi parçalanmış dörd yaşlı oğlunu gördü. Hər yerdə qadınların, uşaqların və qocaların cəsədlərini görmüşəm”. Helikopter pilotu mayor Leonid Kravets.

“Çərşənbə axşamı Ağdama axşam gələndə qəbiristanlıqların birində 75 təzə məzar və məsciddə dörd parçalanmış cəsəd gördüm. Sahənin ortasında vaqonlarda təşkil edilən sahə xəstəxanasında güllə yarası alan qadınları və uşaqları da gördüm”. Helen Womack, İngiltərənin "The İndependent" qəzetinin jurnalisti

Keçmiş SSRİ ərazisində bir zamanlar bir yerdə olan xalqlar arasında yaranan münaqişələrin ən qanlı səhifəsi kimi Xocalı ağrısı azərbaycanlıların qəlbində əbədi olaraq qaldı. Bundan əvvəl də, bundan sonra heç bir qarşıdurma zamanı bir gündə bu qədər dinc insan ölməmişdi. Ən pisi də odur ki, bu faciə bir növ sülhü bərpa etmək üçün edilən cəhdlərə qarşı keçilməz bir maneə olan faciələrdən biridir. Siyasətçilər razılığa gələ, güzəştə gedə bilsələr belə, yaxın gələcəkdə adi insanların bu kabusu yaddaşından silmək ehtimalı azdır. Tarixin bu cür səhifələri hətta on illərlə, yüz illərlə qonşularla üz-üzə durmağa mane olur.

Xocalı faciəsinin qurbanları unudulmur. Bu hadisənin abidələri Bakı, Lənkəran, Haaqa, Berlin, Sarayevo, Ankara, Mexiko şəhərlərində ucalır. Hər il Azərbaycan çoxsaylı insanların toplaşdığı izdihamlı mitinqlərdə ölənləri xatırlayır.

Ancaq xatırlamaq yalnız unutmamaq üçün deyil, bunun bir daha təkrarlanmaması üçün lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə