Azay Quliyev Türkiyə bələdiyyələr birliyi rəhbərləri ilə görüşüb

Azay Quliyev Türkiyə bələdiyyələr birliyi rəhbərləri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Türkiyənin Mərmərə Bələdiyyələr Birliyi rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qurumdan SİA-ya verilən xəbərə görə, Mərmərə Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Səlim Yağçı, Türkiyə Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Osman Yılmaz, Mərmərə Bələdiyyələr Birliyinin Avropa Birliyi və beynəlxalq əlaqələr üzrə direktoru Murat Daudov və Mərmərə Bələdiyyələr Birliyinin əməkdaşı İsgəndər Günəşdən ibarət nümayəndə heyəti Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyasının Şura tərəfindən maliyyələşdirilən layihəsi çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəliblər.

Şura sədri A.Quliyev Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə və qeyri-hökumət təşkilatları əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını bildirib. A.Quliyev qeyd edib ki, iki yüz ildən artıq fəaliyyət tarixi olan Türkiyə bələdiyyələrinin, ayrı-ayrı vəqflərin və sivil toplum qurumlarının təcrübəsi Azərbaycan bələdiyyələri və qeyri-hökumət təşkilatları üçün model olaraq öyrənilməlidir. A.Quliyev, həmçinin Şuranın fəaliyyəti və QHT-lərə dövlət dəstəyi haqqında qonaqlara məlumat verib.

Görüşdə ikitərəfli əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması üçün əlaqələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə