"Cinayət cəzasız qalmır və tökülən qanın əvəzi ödəniləcəkdir" ÖZƏL-AÇIQLAMA

"Ermənilərin Xocalıda törətdikləri vəhşilik və soyqırımı dünya miqyasında törədilmiş insanlıq əleyhinə cinayətlər sırasına daxil edilib. Bu gün dünyada kütləvi surətdə insanların milli-mənsubiyyətinə görə məhv edilməsinin “nümunələri” var. Bu cür faciələr içərisində “Xolokost” - dünya miqyasında yəhudi xalqına qarşı faşistlərin törətdiyi cinayət kimi tarixə düşüb. Xocalı da erməni faşistlərinin, erməni millətçilərinin Azərbaycanlılara qarşı törətdikləri vəhşilik kimi dünya tarixinə daxil olub". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, Azərbaycanın Xocalı soyqırımını dünyaya tanıtdırması ilə bağlı çox böyük işlər görülüb: "Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə bu faciəyə hüquqi-siyasi qiymət verilib. Eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın birbaşa rəhbərliyi ilə Xocalı faciəsinin dünya miqyasında tanıdılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Prezident cənab İlham Əliyevin beynəlxalq məclislərdə, o cümlədən BMT Baş Məclisindəki çıxışlarında hər zaman bu Xocalı soyqırımı və burada törədilmiş vəhşiliklər dünya ictimai rəyinə çatdırılıb. İndi dünyanın bir çox ölkələrinin məclisləri Xocalı faciəsini Azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanıyıb. ABŞ-ın bir çox ştatları bunu tanıyıb və bunu soyqırımı kimi tanınma istiqamətində işlər gedir. Xocalı və burada törədilmiş vəhşiliklərlə bağlı kinofilmlər, kinoxronikalar, kitablar yazılıb".

M.Qurbanlı əlavə edib ki, Xocalı faciəsinin törədilməsində birbaşa iştirakçı olan Koçaryanlar, Sarkisyanlar, Ohanyanlar və digər bu kimi canilər dünya ictimai rəyində bir cani və cinayətkar kimi tanıdılıb və tanıdılmaqdadır: "Erməni xalqı özü bu cinayətkarları və bunun törətdikləri əməlləri dərk etməlidir, başa düşməlidir. Çünki cinayət cəzasız qalmır və tökülən qanın əvəzi ödəniləcəkdir. Ona görə də ermənilərə qarşı, ermənilərin törətdikləri bu cinayətin tanıdılması ilə əlaqədar bizim fəaliyyətimiz davamlı, ardıcıl olmalıdır. Yeni Azərbaycan Partiyası və partiyadan seçilmiş millət vəkilləri, bizim tanınmış din xadimlərimiz, dini konfensiyaların rəhbərləri bu istiqamətdə çox ciddi işlər görürlər. Təbii ki, bu işlərə hər bir vətəndaşımız da öz töhvəsini verməlidir. Mediamız burada çox böyük fəaliyyət göstərir. Eləcə də bizim müasir gəncliyimiz də bu faciənin sosial şəbəkə üzərindən dünyaya tanıdılması üçün hesab edirəm ki, çox geniş iş görürlər. Alla Xocalıda şəhid olan vətəndaşlarımıza rəhmət eləsin, Xocalı faicəsini törədən canilər cəzasız qalmayacaq. Təbii ki, bu da bizim fəaliyyətimizin nəticəsində öz həllini tapacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə