“İnsanlıq abidəsi”ni rənglədilər

“İnsanlıq abidəsi”ni rənglədilər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "ucube" deyərək xarakterizə etdiyi və uçurulmasına göstəriş verdiyi türk-erməni dostluğu abidəsinin aşağı hissəsi dünən gecə naməlum şəxslər tərəfindən müxtəlif boyalarla rənglənib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, çəkilən şəkil və yazıların hansı məna daşıdığı bəlli olmasa da şəkillərin arasında "Qars 2011", "KGS", "BER", "BB" yazıları oxunub.

 

Qeyd edək ki, Qars bələdiyyəsi 7 mart 2011-ci ildə "İnsanlıq Abidəsi"nin uçurulması ilə bağlı tender elan edib. Ancaq İstanbulda yaşayan heykeltəraş Məmməd Aksoyun vəkilləri Turqut Kazan, Əsli Kazan və Sərdar Laçın Ərzurum məhkəməsi qarşısında iddia qaldırıb. Bu iddia nəticəsində abidənin uçurulmasının dayandırılması ilə bağlı qərar verilib.

 

Qars bələdiyyəsi qərarla bağlı daha yüksək məhkəməyə etiraz edib. Bölgə İdarə Məhkəməsi 16 mart 2011-ci il tarixində abidə ilə əlaqədar icranın dayandırılması qərarını ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə