Virusdan da təhlükəli olan təşviş... TƏHLİL

Koronavirusla bağlı statistika hazırda diqqət mərkəzindədir və bu statistika qlobal miqyasda müzakirə mövzusuna çevrilib. Doğrudur, bu virusa yoluxanların və ölənlərin sayı hər saat artmaqdadır və məlumatlar şərti olaraq qəbul olunur. Beləki, bu ana olan məlumata görə dünyanın 27 ölkəsində 80 minə yaxın yoluxma, 2600 nəfərdən bir az çox ölüm faktı qeydə alınıb. Əslində, müzakirə mövzusu bu statistika deyil, amma hər bir halda, istənilən rakursda yanaşdıqda bu statistik göstəricilər müəyyən məqamlara aydınlıq gətirir. Bu baxımdan xəstəliklə, virusla əlaqədar bir sıra nəticələrə, rəqəmlərdə öz əksini tapan göstəricilərə nəzər salmağa ehtiyac duyulur və bunünla da məsələnin mahiyyəti üzə çıxır.

Xatırladaq ki, ötən ilin dekabrında ilk dəfə müşahidə olunan və bu ilin yanvarında xəstəlik kimi qeydə alınan koronavirus sürətlə dünyaya yayılır. Bu virusa yoluxma halları durmadan artır və coğrafiyası da genişlənir. Təkcə Çinlə sərhəddə yerləşən ölkələrdə deyil, hətta “Qoca Qitə” kimi tanıdığımız Avropa ölkələrində belə həyəcan təbili çalınır. Məsələn, İtaliya kimi bir ölkədə yoluxma halları, xəstəliklə mübarizə tədbirləri durmadan artır. İngiltərə, Fransa, Almaniya kimi qabaqcıl Avropa ölkələri xəstəliklə mübarizə tədbirlərinə geniş miqyasda yer ayırır. Okaenın o tayında da, məsələn ABŞ kimi bir ölkədə belə bu xəstəliyə həssas yanaşılır və bir sözlə “Covid-19” virusu belə demək mümkünsə, hansısa mənada dünyanı öz cənginə alıb.

Azərbaycanla qonşu olan ölkələrdə, xüsusən İranda, rəsmi məlumata görə bu virusa yoluxma halları 80 nəfərdən çoxdur və 12 nəfərin isə bu xəstəlikdən öldüyü məlumdur. Artıq İranla qonşu olan ölkələr bu ölkə ilə sərhədlərini bağlayıb və sözsüz ki, bütün bunlar mühafizə olunmaq üçün nəzərdə tutulub. Azərbaycanda isə İrandan qayıdan vətəndaşlar xüsusi nəzarət altına alınıb, hətta ölkə başçısının tapşırığı ilə ölkəmizin rəhbər şəxsləri İranla sərhəd keçid məntəqəsinə göndərilib. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. Səfər çərçivəsində son vaxtlar İranda müşahidə olunan “koronavirus” epidemiyasına qarşı dövlət sərhədd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmasına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib. Ölkə ərazisinə daxil olan şəxslərin yoxlanıl¬ması, 24 saat növbəli rejimdə fasiləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi aparılıb, müvafiq tapşırıqlar verilib ki, bütün bunlar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı, virusdan mühafizəsinin təşkili üçün nəzərdə tutulub. Bir sözlə, vətəndaşlarımızın müdafiəsi, mühafizəsi üçün bütün tədbirlər nəzərdə tutulub və əminliyimizə də şübhə ola bilməz.

Doğrudur, mühafizə, müdafiə və ehtiyat tədbirləri vacibdir, qaçılmazdır, amma, məsələ burasındadır ki, qeyd etdiyimiz kimi, statistik göstəricilər heç də bu virusun şişirdildiyi qədər vahiməli olduğunu təsdiqləmir. Həmin o statistika dediyimiz göstəricilərə görə bəşəriyyət, bu vaxta qədər sözügedən virusdan daha çox can alan, daha təhlükəli epidemiyalarla qarşılaşıb, amma bu qədər şişirdilməyib, bu qədər də vahiməyə səbəb olmayıb. Təəssüf ki, virusdan daha təhlükəli bir epidemiya, panika dünyanı öz təsiri altına alıb. Bu təsirlər, psixoloji məqamlardan tutmuş iqtisadi göstəricilərə qədər özünü nümayiş etdirir ki, nəticələri heç də ürəkaçan görünmür. Əksinə, dəyən ziyanın məbləğini özündə əks etdirən rəqəmlər təsdiq edir ki, bu panika, təşviş və təlaş dünya miqyasında öz mənfi təsirlərini hələ də göstərməkdədir.

Etiraf edək ki, Çin son zamanlar maddi istehsal baxımından dünyada birinci yerdə olub və hətta Avropa ölkələrinə məxsus məhsulların bir çoxu da son dövrə qədər bu ölkədə istehsal olunub. Doğrudur, indi Çində çox şey dayandırılıb, dayandırılmayan hissə də koronavirus ilə mübarizə aparmaq da daxil olmaqla bütün həyati ehtiyacları təmin etmək üçün səfərbər olunub və hətta kifayət də edir. Bu fakt özü ölkənin çox böyük qüdrətə sahib olduğundan xəbər verir. Görünür elə məsələnin kökündə də bu qüdrətə sahib olmaq dayanır. Çünki, bir sıra ölkələrin, məsələn, ABŞ kimi dünyaya ağalıq etmək iddiasında olanların Çinin bu qüdrətindən bərk qıcıqlandıqları da təkzib edilə bilməz və heç şübhəsiz ki, məsələnin mahiyyəti də elə bununla bağlıdır.

Bu məqamda xatırlatmaq yerinə düşərdi ki, səksəninci illərdən bəri ucuz işçi qüvvəsi olan bölgələrə, daha dəqiq desək, əksər hissəsi Çinə daşınan Amerika Birləşmiş Ştatlarının istehsalına qayıtmaq vədi ilə Tramp prezident seçilib və indi bu məqam onun üçün əsl fürsətdir. Hərhansı bir səbəblə, rüsum və sanksiya ilə idxalı bağlayır və ABŞ prezidenti açıq-aşkar artıq dördüncü ildir ki, Çin ilə iqtisadi müharibə aparır. İndi də, “dəhşətli virus” kimi təqdim olunan səbəbdən rəqibinin sənayesinin dörddə bir hissəsinin dayanması bu ölkə üçün göydən düşmə hesab olunur. Çində araşdırmalar aparan məşhur ekspert Nikolay Vavilov yayıldığı iddia edilən epidemiyanın həddən artıq şişirdildiyini deyir. Ekspert qeyd edir ki, kifayət qədər çox əhalisi olan bir şəhərdə bir neçə nəfərin xəstəlikdən ölməsi faktına görə şəhərin bağlanması əvvəlcədən düşünülmüş plandır və məqsədli şəkildədir. Onun sözlərinə görə, bundan daha dəhşətli Ebola epidemiyası dövründə belə heç kim hansısa şəhərləri bağlamamışdı.

Çox təəssüf ki, hazırda virus həm də dünyada böyük miqyasda qorxu və ajiotaja səbəb olmaqdadır. Halbuki, bu xəstəlik 1918-ci ildə dünyada 50 milyon insanın ölümünə səbəb olan “ispan qripi” və ya 1957-1958-ci illərdə yayılan və 1,1 milyon insanın həyatına son qoyan “Asiya qripi” kimi dəhşətli xəstəliklərlə müqaisəyə belə gəlməzdir. Belə olan halda, dünyada nə baş verir və ümumiyyət, elə gəlmirmi ki, “viruslar” artıq yalnız “tibbin məsələsi” olmaqdan çıxıb və həm də qlobal iqtisadi, siyasi və digər məqsədlərə xidmət edirlər.

Koronovirus adlı xəstəliyin yayıldığı, yaxud şişirdildiyi Çin, əhalisinin sayı 1,4 milyard olan və dünya iqtisadiyyatının 16 faizinə sahib bir nəhəng ölkədir və nəzərə almaq lazımdır ki, bu heç də sıradan bir məqam deyil. Hazırda dünyanın bir çox böyük markalarının da istehsalının reallaşdırıldığı ölkə Çindir ki, iqtisadiyyatının həcmi 14,14 trilyon dollardır. Heç şübhəsiz ki, bu rəqəmlər virus adlı hücumun bəzi detallarının açılışı üçün yetərlidir. Hazırda Çinin ixracatı və xarici ticarəti 2003-cü illə müqayisədə beş dəfə, turist sayı altı dəfə artıb ki, bu da təsadüfi faktlar deyil. Hesablamalara görə, koronavirus ən çox xidmət sektoruna təsir edəcək ki, bu da Çinin xidmət sektoruna 50 faiz mənfi təsir edəcəyi anlamına gəlir.

Çin kimi bir dövlətin iqtisadiyyatına dəyə biləcək təsirlər mütəmadi olaraq hesablanır ki, əslində bu hesablamaların belə əbəs yerə olmadığı üzə çıxır. Məsələn, Çin iqtisadiyyatında bu il proqnozlaşdırılan 6 faizlik böyümə 5,5, hətta bəzi ehtimallara görə, 4,8 və ya 4,9 faizə düşəcəyi bildirilir. “Oxford Economic” Çinin 2020-ci ilin ilk üç ayında ötən illə müqayisədə, iqtisadi artımının 4 faiz azalacağını proqnozlaşdırır. Eyni zamanda Dünyadakı iqtisadi artımın 0,4 faiz azalacağı gözlənilir. Ən ağır zərbəni aviaşirkətlər alıb və ümumilikdə, bu il hava yolları 29 milyard dollar ziyan edəcək. Bu il qlobal miqyasda 4,1 faiz artım proqnozlaşdırıldığı halda Çin şirkətlərinin zərəri 12,8 milyard dollar hesablanır. Çin dövlət istiqrazları 2014-cü ildən bu yana ən çox ucuzlaşmaya məruz qalıb. Bazarı müvəqqəti sabitləşdirmək üçün Çin Mərkəzi Bankı qısa müddətə faizləri aşağı salıb və bazara 129 milyard dollar vəsait buraxıb.

Məsələ burasındadır ki, zərbə təkcə Çinə dəymir və dünya bunun acısını həm psixoloji, həm də iqtisadi baxımdan hiss edir. Məsələn, məlum səbəbdən Çinin gündəlik neft tələbatı 250 min barel azalıb və bu, dünya bazarında neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edib ki, biz bunun da şahidi olduq. Çinlə ticarət əlaqələri olan Avropa Birliyi ölkələri, ABŞ və digər ölkələrin iqtisadiyyatının ciddi zərər görəcəyi təxmin edilir. Əslində, buna təxmin də demək olmaz və bu bir reallıqdır. Çünki, Çinin dünya iqtisadiyyatında rolu danılmazdır və indi koronavirus adlı xəstəliyin, yaxud “Covid-19” virusunun hansı yöndə olur-olsun bütün dünya üçün mənfi təsirlərini təkzib etmək olmaz. Qeyd olunduğu kimi, əgər ən qabaqcıl Avropa ölkələrinə məxsus brend məhsulların istehsalı Çində olurdusa, dünyanın bütün ticarət əlaqələri bu ölkə ilə sıx bağlı idisə, deməli, bundan sonra Avropada brend məhsullarla bağlı qıtlıq, dünya miqyasında ticarət əlaqələrində, nəqliyyat, turizm sektorunda geriləmə müşahidə olunacaq. Ümumiyyətlə, təşviş dünyanı öz təsiri altına aldığına görə virusdan da təhlükəli nəticələr vəd edir. Çünki, bütün dünya iqtisadiyyatında, onun ayrı-ayrı sahələrində artıq mənfi təsirlər özünü göstərir və bundan sonra da belə təsirlər qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə