"Preferensial ticarət anlaşmasının ticarətin həcminə müsbət təsiri olacaq" - EKSKLÜZİV MÜSAHİBƏ

Türkiyə Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral SƏS TV-yə müsahibə verib. Müsahibə mətnini sizə təqdim edirik.

- Xocalı soyqırılımın 28-ci ildönümüdür və günahkarlar hələ də cəzalandırılmayıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Hər il Xocalı soyqırımı haqqında danışarkən bu hadisənin nə qədər ağır faciə olduğu haqqında danışırıq. Bundan 28 il əvvəl 613 günahsız insan bəzi şəxslərin çirkin əməlləri uğrunda qətl edilməsi sözün əsl mənasında bütün insanlıq adına utanc vericidir. İlk əvvəl bunu dünyadan gizlməyə çalışsalar da, Xocalıda yaşana qətliyamın bir faciə olduğu bütün dünyada eşidilib. Bu gün bir daha Xocalıda itirdiyimiz 613 nəfər qardaşımıza Allahdan rəhmət diləyirik. Keçən 28 ildən sonra mənim istəyim Xocalıda ədalətin zəfər çalması, bu qətliyamı edənlərin ədalət qarşısından hesabat vermələridir. Təəsüf ki, bu mövzuda bu günə qədər heç bir addım atılmayıb. Bu cinayəti törədənlər öz ölkələrində qəhrəman kimi qarşılanıblar. Ədalətin bərqərar edilməsi düşünürəm ki, təkcə mənim, Azərbaycan xalqının yox, bütün insanlığın istəyidir.

- Bu gün dünyanın əsas gündəmi koronavirusdur. Türkiyə də bununla bağlı önləyici tədbirlər görür. Həmin tədbirlər çərçivəsində Türkiyənin Naxçıvanla olan Dilucu sərhəd keçid məntəqəsinin də müvəqqəti olaraq bağlanması barədə nə deyə bilərsiniz?

- Koronavirus ilə mübarizə bütün dünya ölkələrinin gündəminin ilk sırasındadır. Bununla əlaqədar olaraq İranla ilə həmsərhəd olan bütün ölkələr virusun öz ölkəsinə yayılmaması üçün önləyici tədbirlər görür. İranda ölənlərin sayı artıq 10 nəfərdən çoxdur. Məhz buna görə də, Türkiyəni qorumaq üçün müəyyən tədbirlər almaq lazım idi. Önləyici tərdbirlər çərçivəsində İranla sərhədləri bağladıq və Naxçıvanla da sərhəddimizə məhdudlaşdırmalar tətbiq etdik. Bütün bunlar tamamilə Türkiyədə əhalinin sağlamlığını qorumaq məqsədilə görülmüş tədbirlərdir. Əlbəttə ki, biz bu vəziyyətdən Naxçıvanın zərər çəkməməsi üçün əlimizdən gələni edirik. Türkiyənin səhiyyə naziri ilə Azərbaycanın səhiyyə naziri telefonla danışıqlar aparıb və bu mövzuda atılacaq lazımı addımlar barədə müzakirələr aparıblar.

-Türkiyə turizmdən qidalanan ölkədir. Sərhədlərin bağlanması turizmə nə dərəcədə öz təsirini göstərəcək?

- Hazırda turizmin durğunluq dövrüdür. Turizm mövsümünün ölü sezon dedikləri dövründəyik. Turizm dedikdə hər zaman ağıla yay turizmi gəlir, lakin qış turizmi də var. Türkiyədə Kabadokiya və Qaradəniz sahillərinin bir qismi çinli turistləri qonaq edirdi. Həmin yerlərdə turist sayında ciddi şəkildə azalma var. Dünya Avia sektoru 2019-cu ildə ciddi azalmalar olacağı haqqında hesabat hazırlayır. Düzdür, turizmin əsas mövsümünə hələ gəlməmişik, amma zaman yaxınlaşdıqca bunun təsirləri açıqca görüləcəkdir. Yenə də bu barədə danışmaq tezdir. Ümid edirik ki, koronavirus tez bir zamanda aradan çıxacaq.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib. Bu səfər çərçivəsində hansı işlərin görüləcəyi nəzərdə tutulub?

- Bizim Prezidentlər səviyyəsində hər il həyata keçirdiyimiz "Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq" toplantısı var. Prezidentimiz bu toplantını səkkizincisini həyata keçirmək üçün Bakıya gəlib. Bu iclas çərçivəsində enerji, ticarət, müdafiə kimi müxtəlif sahələrdə bir sıra məsələlər müzakirə ediləcək. Prezidentlərimiz və nazirlərimiz öz aralarında görüşlər keçirəcək. Daha sonra nazirlərimiz prezidentlərimizə bundan sonra görüləcək işlər haqqında məlumat verəcəklər. Bununla da münasabətlərimiz həm keçmişə, həm də gələcəyə doğru hərtərfli müzakirə ediləcək. Bu səfər sayəsində də aramızda 10-dan çox ikitərəli müqavilə imzalanacağı nəzərdə tutulur. Bunlardan ən önəmlilərindən biri də Türkiyə ilə Azərbaycan arasında preferensial ticarət anlaşması ön plana çıxır. Bu anlaşmanın ikili ticarət həcminə çox müsbət təsirləri olacağını ümid edirik. Bu baxımdan səfərində məhsuldar olacağını düşünürəm.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə