Bakıda IV Azərbaycan-Yunanıstan biznes forumu keçirilib

Bakıda IV Azərbaycan-Yunanıstan biznes forumu keçirilib

Aprelin 6-da Bakı Biznes Mərkəzində IV Azərbaycan-Yunanıstan biznes forumu keçirilib.


SİA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas biznes forumda iştirak ediblər.


Azərbaycan və Yunanıstandan 250-dək iş adamının iştirak etdiyi biznes forumu açan Prezident İlham Əliyev Yunanıstanın dövlət başçısı Karolos Papulyasın ölkəmizə rəsmi səfərinin uğurla keçdiyini, aparılan danışıqların və imzalanan sənədlərin iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə təkan verəcəyini vurğuladı.


Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəyə çatdığını, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin bunun əyani sübutu olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Dövlətimizin başçısı Hökumətlərarası Birgə Komissiyanın da bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd etdi.


Ölkələrimizin neft-qaz sektorunda uğurla əməkdaşlıq etdiklərini, 2007-ci ildən Azərbaycandan Yunanıstana təbii qazın ixrac edildiyini, Prezident Karolos Papulyasın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan memoranduma əsasən Azərbaycandan Yunanıstana ixrac edilən qazın həcminin daha da artırılacağını bildirən dövlətimizin başçısı iqtisadi sahədə maraqları üst-üstə düşən Azərbaycan ilə Yunanıstanın ötən müddətdə etibarlı tərəfdaş imicini təsdiqlədiklərini vurğulayaraq, ölkələrimizin bundan sonra da iqtisadi sahədə əməkdaşlığın şaxələndirilməsi üçün səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirdi. Prezident İlham Əliyev 2,2 trilyon kubmetr təsdiqlənmiş təbii qaz ehtiyatı olan Azərbaycanın qaz sektoruna yeni investisiyaların qoyulacağını qeyd edərək, hər iki ölkənin iş adamlarını qarşılıqlı sərmayə yatırımlarını artırmağa çağırdı.


Yunanıstan Prezidenti Karolos Papulyas bu tədbiri ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olmasının nümunəsi kimi göstərərək, Cənubi Qafqazda yüksək mövqeyə malik Azərbaycanın Yunanıstanla müxtəlif sahələrdə əməkdaşlığının böyük potensiala malik olduğunu vurğuladı. Əslində biznes dairələri arasında mövcud əməkdaşlığın təməlinin Azərbaycan Prezidentinin 2009-cu ildə Afinaya səfəri zamanı qoyulduğunu qeyd edən Karolos Papulyas həmin səfər çərçivəsində keçirilən Yunanıstan-Azərbaycan biznes forumundan sonra iqtisadi-ticari sahədə əməkdaşlığın yeni imkanlarının açıldığını bildirərək, ölkələrimiz arasında enerji sektorunda mövcud əlaqələri yüksək qiymətləndirdi.


Forumdan sonra Prezident İlham Əliyev və Yunanıstanın dövlət başçısı Dənizkənarı Milli Parkda paytaxtın mənzərəsini seyr etdilər.
Yunanıstan Prezidenti Karolos Papulyasa son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə