Zərdüşt Əlizadədən İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu proqnozu - ŞƏRH

“Onların kitabları bağlandı”

Parlament seçkilərində iştirak edən müxalifətçi qisminin əsas tərkib hissəsinin uduzması daha əvvəlcədən gözlənilən idi. Daha dəqiq desək, daim “xalq”, “millət” və s. kimi pafoslu ifadələri ilə siyasi səhnədə qalmağa çalışan bu kimi “liderlər” əslində özlərini xalqdan təcrid ediblər. Xalq onların yadlarına yalnız mitinq və aksiyalar vaxtı, ya da seçkilər ərəfəsində yadlarına düşür. O cümlədən, belə “liderlərin” uduzmasını şərtləndirən daha bir reallıq onların başlarının qrant və s. bu kimi məsələlərə qarşımasıdır, yəni maddiyyat marağı daim xalqçılıq, dövlətçilik maraqlarını üstələyib.

“Ənənəvi müxalifətin ən böyük qüsuru və zəifliyi onların zəka potensialının yoxluğundadır”

Bu arada politloq, ASDP sədri Araza Əlizadənin qardaşı Zərdüşt Əlizadə sözügedən məsələyə ilginc münasibət sərgiləyib və ənənəvi müxalifət təmsilçilərinin əksəriyyətinin parlament seçkilərində uduzmalarının səbəblərini özünəməxsus tərzdə açıqlayıb. SİA-nın məlumatına görə, Z.Əlizadə hesab edir ki, seçkiyə qatılan Müsavatın sabiq və hazırkı başqanları - İsa Qəmbər, Arif Hacılı, eləcə də ADP sədri Sərdar Cəlaloğlu və digər ənənəvi müxalifət “liderlərinin” seçki kampaniyaları qüsurlu olub, bunun isə səbəbləri var. “Deyim ki, ənənəvi müxalifətin ən böyük qüsuru və zəifliyi onların zəka potensialının yoxluğundadır”, deyən politoloqa görə, zəka potensialı olmayanda xalqa söz deyə bilmirsən, başlayırsan “dalay-dalay” oxumağa: “Xalq da bir dəfə “dalay-dalay”a qulaq asır və sonra da bundan iyrənir. Beləcə ənənəvi müxalifətin istəkləri reallaşmır. Ənənəvi müxalifətin “onlar getsin, biz gələk” şüarı artıq işləmir. Nə ilə gələcəksən, hansı yeni siman var, cəmiyyətə hansı modelləri təklif edirsən? Bunların heç biri yoxdur. İsa Qəmbər heç bir yeni söz demir, klassik məğlub fiqurdur. Arif Hacılı heç nəyə nail olmayıb. Bütün bunları xalq bilir”.

“Onlar çoxdan sıradan çıxıblar, sadəcə bunu qəbul etmək, tanımaq istəmirlər”

Ənənəvi müxalifətin kölgədə qalmasını gözlənilən sonluq kimi dəyərləndirən Z.Əlizadə həm də belə düşünür ki, əslində onların vaxtları vədələri çoxdan bitib. “Onların vaxtı keçib. Əslində onlar çoxdan sıradan çıxıblar, sadəcə bunu qəbul etmək, tanımaq istəmirlər”, deyə bildirən politoloq bunu iddiasını da belə izah edib: “Deyirlər ki, biz də varıq. Camaat da deyir ki, özünüz üçün varsınız”.

O, xalq üçün artıq ənənəvi müxalifətin olmadığını yox olduğunu, məsələnin bitdiyini bildirib: “Bitdi bu məsələ. Hələ cəmiyyətdə onlara 500 nəfər səs verən varsa, bunun özü böyük rəqəmdir. Xalqı min dəfə aldadıblar. Niyə xalq onlara səs verməli idi? Bitdi, onların kitabları bağlandı”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə