Ermənistanın eks-prezidenti “Qraparak” qəzetini bağlatdı

Ermənistanın eks-prezidenti “Qraparak” qəzetini bağlatdı
Ermənistanda mətbuata qarşı təzyiqlər getdikcə güclənir. Qəzetlər bağlanır, ən yaxşı halda mülkiyyətinə həbs qoyulur. SİA-nın verdiyi məlumata görə, Ermənistanın eks-prezidenti Robert Koçaryanın iddiası əsasında məhkəmə "Qraparak" qəzetinin bank hesablarına və mülkiyyətinə həbs qoyulması haqda qərar çıxarıb. Eks-prezident onun şərəf və layaqətinə ləkə yaxdığına görə, qəzetin təkzib verməsini də tələb edib.
Koçaryan 2011-ci ilin 15 fevral tarixində adıçəkilən qəzetdə dərc olunmuş "Koçaryan məhv edir, Çarukyan başa salır" məqaləsinə etiraz edərək dəymiş mənəvi ziyan üçün 16 min ABŞ dolları ödənilməsini tələb edib.
Qəzet isə mülkiyyətə həbs qoyulmasını "nou-hau" (dərəbəylik) adlandırıblar. "Koçaryan tərəfindən mətbuata qarşı məhkəmə iddiası qaldırmaq yeni bir xəbər deyil, amma hesablarına və mülkiyyətinə həbs qoymaq birinci dəfədir", - deyə qəzetin baş redaktoru Armine Ohanyan deyib. O bildirib ki, qəzet acınacaqlı vəziyyətə düşüb, nəşriyyata ödəmək üçün pulumuz yoxdur.
İşə Ermənistanın ombudsmanı Karen Andreasyan da qarışıb və qəzetin yazdıqlarına dözümlü münasibət göstərməyin gərəkli olduğunu Koçaryanın yadına salıb.
Qeyd edək ki, Ermənistanın eks-prezidenti bundan əvvəl müxalifətyönümlü "Aykakan jamanak" və "Jamanak" qəzetlərinə qarşı da eyni addımı atmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə