“Müxalifət özünü ifşa edib” RƏY-ÖZƏL

"Sadaladığınız başabəla qurumların seçkilərin azad və demokratik keçirilməsində heç bir maraqları yoxdur". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, çünki azad və demokratik seçki keçirilməsini istəyən istənilən qurumun, ilk növbədə cəmiyyətin inkişafına dair konsepsiyası, proqramı olmalı, bu proqramın reallaşması naminə hakimiyyət uğurunda mübarizə aparmalı və bu mübarizədə də hansısa kənar qüvvələrə deyil xalqa, seçicilərə güvənməlidir: "Bunlarda dediklərimin heç biri yoxdur. Guya ölkədə demokratiyanın inkişafını istəyirlər, amma onların arzuladıqları, daha doğrusu istədikləri o demokratiyanın dəyərləri nələrdən ibarətdir, bu haqda danışmırlar. Azərbaycanda demokratiya o həddə çatıb ki, ölkənin ən ucqarında yaşayan istənilən vətəndaş ölkə başçısı ilə birbaşa əlaqə saxlaya və fikirlərini çatdıra bilir. İstənilən şəxsin sosial şəbəkələrdə, mətbuatda azad şəkildə fikirlərini ifadə etmək hüququ var. Vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət dünyanın heç bir ölkəsində analoqu olmayan, dünya ictimaiyyətinin də böyük marağına səbəb olan layihələr reallaşdırır. Yəni bizdə demokratiya ilbəil sürətlə inkişaf edir ki, bu da cəmiyyətin saflaşmasına, insanların rahat və firavan yaşamasına hesablanmış ən mühüm addımlardandır. Belə olduğu halda bunlar hansı demokratik dəyərlərdən danışırlar? Anarxiya istəyirlər? Yoxsa xaos yaradılmasına çalışırlar? Bəlkə, bəzi ölkələrdə olduğu kimi, əxlaqi dəyərlərimizi demokratiya adı altında qurban verməliyik? Bütün dünyanın gözləri qarşısında Azərbaycan parlamentinə seçkilər yüksək fəallıqla, demokratik şəkildə keçirildiyi, qüsurlara yol verən bütün məntəqə və dairə komissiyaları araşdırılaraq cəzalandırıldığı, bir çox dairələrdə və məntəqələrdə seçkilərin nəticələri ləğv edildiyi və bu araşdırmaların hələ də davam etdiyi halda bunların “aksiya” keçirmək istəkləri, heç şübhəsiz, həmişə olduğu kimi yenə ağalarının sifarişidir. Onlara lazım olan real nəticə deyil, istəkləri varlıqlarını nümayiş etdirib, fon yaradıb milyonları qamarlamaqdan ibarətdir. Bu isə siyasət deyil, siyasi dəllallıqdır, siyasi oyunbazlıqdır. Sadəcə ona sevinmək lazımdır ki, onların iç üzü cəmiyyətə artıq məlumdur və belə destruktiv fəaliyyətləri ilə yalnız özlərini daha çox ifşa edirlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...