"İtaliya ilə Azərbaycan əlaqələri geniş və dərin panoramaya malikdir" ŞƏRH - ÖZƏL

“İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Azərbaycan Prezidentinin İtaliyaya tarixi əhəmiyyətli dövlət səfəri bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək ölkəmizlə İtaliya arasında siyasi, iqtisadi, mədəni və elm sahələrində gözəl münasibətlərin mövcud olduğunu deyən deputat söyləyib ki, hər iki ölkə arasında siyasi və iqtisadi cəhətdən maraqlar hər zaman üst-üstə düşüb, bir-birini tamamlayıb.

Onun sözlərinə görə, Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib, yüksək səviyyədə genişləndirilməsində maraqlı olublar: “Ölkələrimizin tarixində silinməz izlər qarşılıqlı səfərlər əlaqələrimizin inkişafının təməl daşına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da İtaliya Respublikasına dövlət səfəri isə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım kimi tarixə düşdü”.

N.Həmzəyev qeyd edib ki, iki ölkə arasında Romada imzalanan Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə, eləcə də digər sənədlər Azərbaycanla İtaliya arasında çox etibarlı tərəfdaşlıq fəaliyyətini daha möhkəmləndirəcək: “Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfəri zamanı ümumilikdə 28 sənədin imzalanması, Azərbaycan-İtaliya biznes forumu kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafına yeni baxış oldu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə