"İranda keçirilən parlament seçkiləri bəzi məqamları ortaya çıxardı" ÖZƏL-AÇIQLAMA

"İranda keçirilən parlament seçkiləri müəyyən bir məqamı ortaya çıxardı. Bu da ondan ibarətdir ki, İranın daxilində islahatçılarla mühafizəkarların arasında əslində üstüörtülü də olsa çox ciddi rəqabətin, qarşıdurmanın getdiyinin şahidi olduq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

"Bir şeyi qeyd etmək lazımdır ki, bir çox namizədlər qeydə alınmadı. Hətta bu bir çox siyasilərin etirazına da səbəb oldu və çox ciddi açıqlamalar verildi. Hazırda dünənə olan məlumat ondan ibarətdir ki, səslərin sayılması hələ davam edirdi və yəqinki bir neçə günə ilkin nəticələr elan olunacaq. Amma görünən odur ki, hal-hazırki seçkilərdə mühafizəkarlar çox ciddi şəkildə revanş götürmək niyyətini qarşılarına hədəf qoyublar. Buna nail olub-olmayacaqları barədə hələlik söz demək çətindir. Çünki müəyyən qədər islahatçıların da səs yığması ilə bağlı qeyri-rəsmi məlumatlar var. Bir çox aktiv Güney Azərbaycandan olan millət vəkillərin namizədlikləri qeydə alınmadı. Məsələn, o namizədlərin qeydə alınmaması ilə bağlı hətta Urmiyada, Ərdəbildə müəyyən etirazlar oldu. Bu sivil qaydada təşkil olunmuş etirazlar idi. Məsələn, divarlara pankartlar yapışdırılırdı, müxtəlif bülletenlərin paylanılması və s. Ümumiyyətlə görünən odur ki, İrandakı bu seçkilər müəyyən mənada maraqlı bir siyasi mənzərənin ortaya çıxarmasına gətirib çıxaracaq. Bu siyasi maraq təkcə mühafizəkar və islahatçı qanadı arasında deyil, eyni zamanda Güneylə bağlı da müəyyən məqamlarda özünü göstərə bilər. Keçən parlamentarilərdən aktiv olan və Güney Azərbaycanlı olan bir çox namizədlərin namizədlikləri bu seçkilərdə qeydə alınmadı”, - deyə, V.Zifəroğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə