"Azərbaycan heç bir güzəştə getməyəcək" ÖZƏL-MÖVQE

"Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ən nüfuzlu universitetlərindən biri olan Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Ölkə başçısı dünya tarixini, beynəlxalq münasibətləri, diplomatiyanı, beynəlxalq hüququ həddindən artıq gözəl bilir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, cənab İlham Əliyev həm Azərbaycan Milli Məclisinin üzvü olanda, Avropa Şurasında nümayəndə heyətinin rəhbəri olanda və uzun müddətdə ölkəmizin rəhbəri kimi o beynəlxalq münasibətlər sistemini çox gözəl bilir: "Yəni biz Ermənistanla heç bir cəhətdən müqayisəedilməz vəziyyətdəyik. Bizim ordumuz, iqtisadiyyatımız, elm adamlarımız və Prezidentlərimiz də qat-qat onlardan üstündür. İndi torpaqlarımız işğal altındadır. Ermənistan havadarlarının hesabına torpaqlarımızı işğal edib. Paşinyanla cənab İlham Əliyev müqayisə edilməzdir. Bütün parametrlərə, göstəricilərə, keçdiyi yola görə cənab Prezident ondan on dəfələrlə üstündür və savadlı bir şəxsiyyətdir. Paşinyan isə küçədən gəlmiş heç bir təcrübəsi, elmi olmayan bir adamdır. Ölkə başçısı fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində dedi: “Əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür”.

Paşinyan debatda o sualların heç birini cavablandıra bilmədi və çox biabırçı bir duruma düşdü. Ermənistanın istər bundan əvvəlki prezidentləri – Koçaryan, Sarkisyan, istərsə də indiki baş nazirinin heç biri cənab Prezidentlə mübarizə aparmaq fikrində deyil. İlk dəfə idi ki, bu cür debat baş tuturdu. Ölkə başçısı bir daha dünyaya, BMT-yə, böyük dövlətlərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə onu göstərdi ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...