"Prezidentin İtaliyaya səfəri əlaqələrin inkişafını sürətləndirəcəkdir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın İtaliya ilə əlaqələri strateji xarakter daşıyır. Ölkə başçılarımızın qarşılıqlı səfərləri iqtisadi əməkdaşlıq potensialından daha geniş istifadə olunmasına şərait yaradır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, İtaliya Azərbaycana dost ölkədir və beynəlxalq arenada bizə dost ölkələrin sayının çoxalması vacibdir: "Birinci ona görə ki, torpaqlarımızın 20 %-i işğal altındadır və bu işğala sülh yolu ilə son qoydurmaq üçün bizim beynəlxalq siyasi əlaqələrimiz möhkəm olmalıdır. İtaliya Dağlıq Qarabağ münaqişəsini ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarıdır. İqtisadi əməkdaşlıq imkanlarımızdan danışılanda qeyd etmək lazımdır ki, iki ölkə arasında istifadə olunmamış potensial kifayət qədər çoxdur. İtaliya neft məhsullarının 90%-dən çoxunu Azərbaycandan alır. Qeyri-neft sektoru üzrə isə bu sahədə istehsal olunan məhsulların ixracı üçün İtaliya bazarında imkanlar genişlənəcəkdir. Ölkəmiz beynəlxalq trans-milli layihələrə imzalar atmışdır. BTQ və Ələt Beynəlxalq Ticarət limanın imkanları İtaliya ilə əməkdaşlığımıza yeni üfüqlər açır. Həm də iki ölkəarası qarşılıqlı investisiya imkanları genişdir. Ölkəmizdə kənd təsərrüfatı və sənaye sahələrində yeni texnologiyaların tətbiqində İtaliya şirkətlləri geniş iştirak edə bilərlər. Düşünürəm ki, cənab Prezdentin İtaliyaya səfəri çərçivəsində hər iki ölkənin biznes strukturlarının iştirakı ilə biznes forumu da keçirilə və orada yeni əməkdaşlıq imkanları haqqında da razılaşmalar ola bilər. Ümumiyyətlə, ölkə başçımızın İtaliyaya səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafını sürətləndirəcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...