İtaliyanın enerji təchizatında Azərbaycanın xüsusi rolu var - AÇIQLAMA

“İtaliya Azərbaycan üçün xarici siyasət mənafeləri və xarici-iqtisadi inkişaf nöqteyi nəzərindən əhəmiyyətli bir ölkədir”. SİA-ya bunu açıqlamasında siyasi şərhçi, politoloq Aydın Quliyev deyib.

O bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan önəmli ölkədir: “Buna görə də İtaliyanın Azərbaycana çox böyük ehtiyacı var və İtaliyanın enerji təchizatında Azərbaycan xüsusi rol oynayır. Bundan başqa qeyri-neft sektorunun inkişaf etdiyini nəzərə alsaq İtaliyanın Azərbaycanla arasındakı əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensiallarının və istiqamətlərinin hərəkətə gətirilməsi hər iki ölkənin mənafelərinə tam uyğun olacaqdır”.

A.Quliyev vurğulayıb ki, İtaliya Dağlıq Qarabağ probleminin də həll olunması sahəsində hər zaman prosesə dəstək verməyə hazır və imkanlarından istifadə edən ölkə olub. “İtaliyanın vaxtilə MİNSK qrupunda tutduğu mövqe Qarabağ probleminin mahiyyətinin və həqiqətlərinin dünyaya nümayiş olunmasında öz gücünü göstərib. İtaliya diplomatları məhz Qarabağ məsələsinin həllində beynəlxalq hüquq normalarına, Azərbaycanın maraqlarına hörmətlə yanaşıblar və bunu danışıqlar prosesində də nümayiş etdiriblər. Fikirimcə İtaliya Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi, həm ölkəmizin Qarabağ probleminin həlli sahəsində mövqelərinin möhkəmlənməsində öz rolunu artıracaq, həm də Azərbaycanın iqtisadi ticarət inkişaf maraqlarının həyata keçirilməsinə böyük töhfə verəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə