Baş redaktor: “Media qurumlarının bəzi mətbuat orqanlarına yanaşmasında bir sıra prinsiplərə dəyişiklik etməyin zamanıdır” - MÜNASİBƏT

Baş redaktor: “Media qurumlarının bəzi mətbuat orqanlarına yanaşmasında bir sıra prinsiplərə dəyişiklik etməyin zamanıdır” - MÜNASİBƏT
Ölkədə fəaliyyət göstərən ayrı-ayrı mətbuat orqanı nümayəndələrinin qanunsuz etiraz aksiyalarına qoşularaq şüarlar səsləndirməsi, eyni zaman bir neçə mətbuat orqanının qanunsuz etiraz aksiyalarına çağırışla bağlı baş yazılar verməsi, bütün səhifələrini bu aksiyalara və ayrı-ayrı siyasi partiyaların təbliğatına ayırması qətiyyən yolverilməzdir. Bu barədə SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu müstəqil medianın prinsiplərinə ziddir. Onun sözlərinə görə, burada maraqlı cəhət ondan ibarətdir ki, bu gün müstəqil medianın əsas fundamental və tərəfsizlik prinsipini pozan mətbuat orqanları müstəqil media adına iddia edən, daha çox danışan mətbuat orqanlarıdır.

"Təbii ki, bütün bu proseslər göz qabağındadır. Yəni, Azərbaycanda istənilən şəxs bu gün bəzi iddalı mətbuat orqanlarının səhifələrinə diqqət yetirərsə, onların konkret olaraq, bir-iki partiyanın maraqlarına xidmət etdiyini açıq şəkildə görə bilər. O baxımdan hesab edirəm ki, burada prinsiplər dəyişməlidir. Yəni, həm media qurumlarının bu mətbuat orqanlarına, həmçinin ayrı-ayrı jurnalist təşkilatlarının özünə yanaşmasında bir sıra prinsiplərə dəyişiklik etməyin zamanıdır. Çünki bu insanlar mütəmadi olaraq, söz, fikir azadlığı, informasiyada tərəfsizlik, qərəzsizlik və digər amillərdən istifadə bu və ya digər siyasi partiyanın maraqlarına xidmət edirlər. Belə olduğu təqdirdə də onlara ayrı-ayrı siyasi partiyanın maraqlarına xidmət edən mətbuat orqanları kimi yanaşılmalıdır. Bir sözlə, hesab edirəm ki, həmin mətbuat orqanların müstəqil media adından çıxış etməyə nə mənəvi, nə də ki hüquqi haqqı var", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə