"Münhendən sonra vəziyyət Paşinyanın əleyhinə dəyişib" RƏY-ÖZƏL

“Ermənistanda baş verən proseslər müxtəlif dövlətlər tərəfindən sakit və seyrçi mövqedən qarşılansa da, vəziyyət göründüyü kimi deyil. Xüsusilə də Münhen Təhlükəsizlik Konfransından sonra həm Ermənistanda, həm də ümumiyyətlə, onların havadarları arasında münaqişənin hərbi yolla həlli ilə bağlı narahatlıqlar var”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan artıq şərtləri diktə edən tərəf kimi cavab gözləyir: “Əsas məqam ondan ibarətdir ki, doğrudan da Paşinyan hərb yolundan qorxur və bu, təkcə regionda müharibənin alovlanması ilə bağlı qorxu deyil. Eyni zamanda son vaxtlar orduya qarşı olan münasibətdən doğur. Bununla yanaşı, Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarla da görüşündə münaqişənin ancaq sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib və hərb yolunun olmayacağı haqqında zəmanət verib”.

A.Nağıyev söyləyib ki, Paşinyan Münxendə baş verənlərdən sonra məğlubiyyətləri ilə barışmadığını göstərməyə çalışsa da, vəziyyət onun əleyhinədir: “Ermənistanda vətəndaş cəmiyyəti və ordu arasında sülh şəraitində itkilərlə bağlı da dərin bir böhran yaşanır. Bunun özü də Paşinyanı qorxudan amillərdən biridir Digər məsələ qondarma qurumda bu ilin 31 martında keçiriləcək “prezident və parlament seçkiləri”dir. Bu da cəmiyyətdə qıcıq yaradan və perspektivi olmayan bir məsələ kimi dəyərləndirilir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə