Akif Nağı: “Ermənistan Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmadığını göstərmək üçün növbəti bir cəhd edir“

Akif Nağı: “Ermənistan Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmadığını göstərmək üçün növbəti bir cəhd edir“

ABŞ-ın Azərbaycandakı səfiri məlumatsız olduğu üçün diplomatik yanlışlığa yol verib. SİA-ya açıqlamasında bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazisi Xankəndində aeroportun açılması və oraya aviareyslərin təşkili ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

 

ABŞ səfirinin Ermənistana hüquqi bəraət qazandırmaq istədiyini deyən qeyri-hökumət təşkilatının rəhbəri bildirib ki, Vaşinqton Azərbaycanı güzəştlərə məcbur etmək istəyir: "Azərbaycanın haqlı mövqeyini nəzərə almaq istəmirlər. İrəvan-Xankəndi aviareysi məsələsi və müəyyən xarici dairələrin bu dəstəkləməsi Azərbaycanı güzəştə getməyə məcbur etmək üçün növbəti bir cəhddir".

 

ABŞ səfirinin "Azərbaycandan Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından gedir" deməsinə gəlincə, A.Nağı qeyd edib ki, Naxçıvan ilə Dağlıq Qarabağın eyniləşdirilməsi heç bir məntiqə uyğun deyil: "Azərbaycan Ermənistan ərazisindən Naxçıvana gedirsə, buna qarşılıq olaraq Ermənistan təyyarələri Azərbaycan üzərindən Rusiyaya və digər ölkələrə uçur. Digər tərəfdən Azərbaycan təyyarələrinin Naxçıvana uçmasının Ermənistanla elə bir əlaqəsi yoxdur, uçuşlar beynəlxalq uçuş dəhlizləri çərçivəsində həyata keçirilir".

 

Ermənistanın Dağlıq Qarabağla əlaqəsi üçün təyyarə reyslərinə elə də ehtiyac olmadığını söyləyən QAT sədri ifadə edib ki, bu məsələ Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmadığını göstərmək üçün bir cəhddir. A.Nağı qeyd edib ki, Azərbaycan problemin ilk olaraq hüquqi müstəvidə həllinə çalışmalıdır: "Beynəlxalq təşkilatların bu məsələyə diqqətini cəlb etməli və problemin ədalətli həllinə çalışmalıyıq. Əks halda, Xankəndinə uçan erməni təyyarəsini qırıcı təyyarələrimizlə Bakıya gətirərək yerə endirməliyik. Azərbaycanın bu məsələdə geri çəkilməsi ciddi diplomatik uğursuzluq sayılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə