Mübariz Əhmədoğlu: “BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan hərbi yolla torpaqlarını azad etmək məsələsini gündəmə gətirməlidir”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) 2011-cu ilin mart ayı ərzində regionda və dünyada baş verən hadisələrlə bağlı hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin sədri Mübariz Əhmədoğlu bununla bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son prosesləri və münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətini də şərh edib.
Dağlıq Qarabağ məsələsinin istənilən formada aktivləşməsinin Azərbaycanın xeyrinə olduğunu deyən SİTM sədri bildirib ki, Ermənistanın ciddi uğurları Dağlıq Qarabağ münaqişəsindən ümumiyyətlə, danışılmaması və yazılmaması təqdirində ola bilər. Minsk qrupunun 14 illik fəaliyyətinin müharibəni yaxınlaşdırdığını qeyd edən ekspert bildirib ki, qurumun işğal olunmuş ərazilərdə son monitorinq ətrafında apardığı monipulyasiyalar da demək olar ki, Ermənistanın xeyrinədir: "Ermənilər son üç ildə işğal olunmuş ərazilərə 440 ailə köçürdüklərini etiraf edirlər. Sonuncu monitorinq zamanı Minsk qrupu vasitəçiləri buraya köçürülənlərin sayının 2005-ci ildən dəyişmədiyini, cəmi 14 min nəfər olduğunu bildirdilər. Adicə, hesab əməliyyatı vasitəçilərin səhv danışdığını göstərir. İki il yarımı da nəzərə alsaq, 2005-ci ildəki monitorinqdən 2010-cu ilin sonunda keçirilmiş monitorinqə qədər minimum 2000 nəfərin artdığını qəbul edək. Bu artım isə 16 faiz deməkdir və bu dəyişikliyi nəzərə çarpmayacaq dəyişiklik hesab etmək üçün isə qərəzli olmaq lazımdır".
Müharibənin labüd olduğunu söyləyən M.Əhmədoğlu bildirib ki, bunun məsuliyyəti Ermənistanın da yox, ATƏT-in Minsk qrupu vasitəçilərin üzərinə düşür: "Həmsədrlər Ermənistanın qabağından qaçdıqca, ermənilər daha da aqressivləşir. Müharibə ehtimalının artması da məhz Minsk qrupu həmsədrlərin fəaliyyətinin nəticəsidir. BMT-nin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan hərbi yolla torpaqlarını azad etmək məsələsini gündəmə gətirməlidir".
SİTM sədri hesab edir ki, Ermənistanın Dağlıq Qarabağda aeroport tikməklə aviareys açması Azərbaycan və beynəlxalq ictimaiyyəti şantaj etməkdən başqa bir şey deyil. O, bildirib ki, reyslərini bir həftə gecikdirməklə reallaşdıran Ermənistanın aviaşirkətinin Xankəndiyə reys təşkil etməsinin səbəbi sərnişin daşıma ilə bağlı deyil.
Ərəb dünyasında baş verən proseslərin mahiyyətinin getdikcə aydın olduğunu qeyd edən SİTM sədri proseslərin antiiran xarakteri daşıdığını söyləyib. M.Əhmədoğlu məhz İran faktoruna görə, Bəhreyn hakimiyyətini dəstəklədiyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB