Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Gəncə şəhərində növbəti yoxlamalar keçiriblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, qurumun 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəsmiləri tərəfindən təşkil olunan monitorinqlər zamanı çəki daşları və bəzi ölçü vasitələrinin standartlara uyğun norma və tələblərə cavab verib-vermədiyi araşdırılıb.
Şəhərin əsas mərkəzi bazarı olan "Gəncə Bazarı" ASC-də təşkil olunan monitorinq zamanı bəlli olub ki, bəzi satıcılar çəkidə müştəriləri aldadır. Çəki daşlarının standartın tələblərindən uzaq olması ət satışı, süd və süd məhsulları satışı sektorunda daha çox qeydə alınıb.
Komitə əməkdaşlarını xüsusi cihazlar vasitəsi ilə yoxlanılan çəki daşları təxminən 1 kq-da 150-200 qram əskik çəkir. Bundan əlavə, tərəzilərin əksəriyyəti, həmçinin çəki daşları öz ömrünü çoxdan başa vurub. Başqa ifadə ilə desək sözügedən ölçü vasitələri ildə bir dəfə dəyişdirilməli olduğu halda "Gəncə Bazarı" ASC-də bu vəziyyət biabırçı həddədir.
Komitə əməkdaşları tərəfindən dəfələrlə bazar rəhbərliyinə elektron tərəzilərindən istifadə olunmasının vacibliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də deyilənlərə məhəl qoyulmayıb.
Yoxlamalara münasibət bildirən bazar rəhbərliyi isə komitə əməkdaşlarını təqsirli bilib. Monitorinqin nəticələrinə əsasən bazar rəhbərliyinə xəbərdarlıq edilib, iradnamələr və tələbnamələr yazılıb. Təxminən 15 gün ərzində nəzərdə tutulan dövlət standartı yerinə yetirilməzsə, adı çəkilən müəssisəni 5 min manat dəyərində cərimə gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB